Milli komandamız bu gün növbəti oyununa çıxacaq. AVRO-2020-nin seçmə mərhələsinin E qrupunda yer alan yığma Uelsin qonağı olacaq.

Hələ püşk atılarkən komandamızın bəxtinin gətirmədiyi və ən çətin qrupa düşdüyü barədə çox danışıldı. İlk matçlar da rəqiblərin hansı səviyyədə, heyətlərində isə oyunu dəyişə biləcək ulduz futbolçuların olduğunu göstərdi. Son dünya çempionatının ikincisi Xorvatiya, güclü heyətlə birinciliyi hədəfləyən Slovakiya və seçmə mərhələyə sürpriz başlanğıc edən Macarıstan iddiasını erkən ortaya qoydu.

Səviyyə baxımından Uels adıçəkilən komandalardan heç də geri qalmır. Onların keçirdiyi 3 oyundan 2-də məğlub olması da heç nəyi dəyişmir. Ada təmsilçisində Qaret Beyl kimi dünyanın ən yaxşılarından sayılan futbolçu çıxış edir.

Komandamız səfərə ciddi itkilərlə gedib. Artıq uzun müddətdi zədədən əziyyət çəkən Bədavi Hüseynovdan sonra Rahil Məmmədovun da son anda sıradan çıxması baş məşqçi Nikola Yurçeviçi çıxılmaz vəziyyətə salıb. Ağır sınaq öncəsi xorvatiyalı mütəxəssisin əlinin altında cəmi 2 mərkəz müdafiəçisi qalıb - Bəhlul Mustafazadə və Anton Krivotsyuk. Heç ikincini də sırf bu mövqe oyunçusu saymaq olmaz. Tərslikdən rəqibin lideri və yeni kapitanı Qaret Beyl son illər ilk dəfə belə əla forma yığıb. "Real"ın heyətində ilk turdan qollarını sıralamağa başlayan Beylin qarşısını almaq çox çətin olacaq.

Yurçeviçin komandanı meydana hansı düzülüşdə buraxacağını təxmin etmək olar. Ancaq 5-li müdafiə ilə oynamaq, bəlkə də, indiki məqamda ən ideal variant olar. Bəhlul və Antonun yanına Maksim Medvedevi də qoşub, 3-lü mərkəz müdafiəsi yaratmaq heç də pis variant deyil. Uelsin oyunu əsasən hücumdan quracağı məlumdu. Həm səviyyə fərqi, həm də qrupdakı vəziyyət onları buna məcbur edir. Hər halda,  qrupdan çıxmağı hədəfləyən britaniyalıları qalibiyyətdən başqa heç bir nəticə qane edə bilməz. Bu mənada əsas güc müdafiəçilərimizin üzərinə düşəcək. Yurçeviç də ilk növbədə arxa xəttin etibarlılığını artırmağın yollarını axtarmalıdı.

Onsuz da, çempionatımızda əksər klublar 5-li müdafiə ilə oynayır (oynamağı bacarır). Bu mənada oyunçularımıza yeni sistem çətinlik yaratmaz. Yarımmüdafiəçilərin əsas işi isə rəqibin cinahlarını bağlamaqda müdafiəçilərə kömək etmək olmalıdı. Uelsin "ikinci mərtəbə"dəki ağalığına son qoyularsa, rəqibin oyunu pozulacaq. Təbii ki, əks-hücumlar zamanı da hücumçularımız mümkün qədər sürətli və dəqiq olmalıdılar. Bu cür komandalarla matçlarda qol şansı çox olmur. Amma az da olsa, mütləq belə imkan ələ düşəcək. Əsas məsələ həmin anda 100%-lik dəqiqlik göstərməkdi.

Doğrudu, millimizin heyətlə bağlı problemləri var və Uels kifayət qədər güclüdü. Ancaq futbolda mümkünsüz heç nəyin olmadığı dəfələrlə sübuta yetirilib. Bu mənada düzgün oyun və futbolçuların meydanda can yandırmaları ilk xalı (xalları) aktivimizə gətirə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest