Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Divizionunda Lixtenşteyn yığması ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov heç-heçəni şərh edib və jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, olmadı. Bilirəm vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Epizodlar oldu, az idi. Birinci dəqiqədə çox real epizodumuz var idi. İstifadə edə bilmədik. Tempi istədiyimiz kimi, çox qaldıra bilmədik. günahkar axtarmayacağıq, futbolçualara da dedim, məsuliyyət məndədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdı. Bu gün çıxış yolumuz Litva matçına konsentrasiya olmaqdır. Başqa deyiləsi söz yoxdur.

- Rəqibin baş məşqçisi dedi ki, komandamız peşəkar deyil, başqa sahələrdə çalışırlar. Bizim oyunçular hansı sahədə çalışsalar, daha faydalı olarlar Azərbaycan üçün?
- Hamınız haqlısız. Lixtenşteyni udmağa məcburuq. Rəqib peşəkardır, peşəkar deyil, bunu müzakirə etmək mənə düşmür. Amma biz performansımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litva matçında qalib gəlməkdir.

- Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiz?
- Müqaviləmiz qışa qədərdir. Milli komandadır. Biz bura ən ağır dönəmdə gəldik. Çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onlarla razıyam. Futbolda başqa problemlər var. Vaxt hər şeyi göstərəcək.

- Bizim üçün sürpriz oldu ki, siz müdafiədən yox, dərhal hücumda oynamağa başladız...
- Sürpriz oldu? Nə deyim vallah.

- Futbolçuların üzərində sanki gərginlik var idi, Vüsal İsgəndərlini belə aqressiv görməmişdik...
- Vüsalı demək ki, yaxşı izləmirsən. Çox istəkli idi. Qələbə qazanmaq istəyiriksə, kompakt müdafiəni yarmalıydıq. Vüsalın belə istəkli olması normaldır.

- Komandanı Litva oyununa hazırlamaq nə dərəcədə çətin olacaq?
- Asan deyil, əlbəttə ki, çətindir. Məsuliyyət məndədir. Səhvlərimizi təhlil edəcəyik. İki günə bərpa olmalıyıq, həm də rəqibə qarşı hazır olmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyun eyni heyətlə oynamaq asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq.

- Komandada inkişaf görünür, yoxsa daha da geriyə gedir?
- Tərifləməyəcəm. Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gəlmişdim ki, İslandiya gəzə-gəzə bizə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərini 0:3 udurdu. Ən böyük hesablı məğlubiyyət Fransaya qarşıdır. Komandada əzmkarlıq artdı, yeni adlar çıxardırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur.

- Son 20 ili götürsək, millinin rüsvayçı nəticələrini izləmişik. Sizin milliyə gəlişinizdən sonra ilk böyük ağır təzyiqlərə rastlaşacağınız andır. Özünüz psixoloji olaraq bunu qarşılaya biləcəksiz?
- Özüm də gələndən millidə yanaşmada çox fərq var. Klubda bəlli azarkeş var. Bura klub deyil. Ölkənin bir nömrəli komandasındayıq, çox təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik.

- Gənc yığma komandalarımızdan, gənc nəsil futbolçulardan razısız? İşıq görürsüz futbolumuzda?
- Uzun söhbətdir. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gərək gənc oyunçulara üstünlük versin. Çox azdır futbolçular. Aşağıdan başlamalıyıq, klublara, akademiyalara yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan materiallar budur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest