İtaliyanın "İnter" və "Milan" klublarının yeni stadionunun inşasının detalları məlum olub. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ev oyunlarını eyni arenada keçirən klublar yeni stadionun inşasına təxminən 605 milyon avro, "San Siro"nun sökülməsinə isə 45 milyon avro xərcləyəcəklər. Yeni stadionun tutumunun 60 min nəfərlik olacağı bildirilir.
 
Eyni zamanda, yeni stadiona rəng dəyişdirmə sisteminin də tətbiq edilməsi planlaşdırılır. Belə ki, stadion "İnter"in oyun günləri qara və göy, "Milan"ın oyun günləri isə qırmızı və qara rəngdə olacaq. Stadionun yanında ticarət mərkəzi, idman meydançası, otel, konfrans mərkəzi, qüllələr şəklində iki ofis tikiləcək.
 
"Milan"ın "San Siro", "İnter"in isə "Cüzeppe Meatsa" adlandırdığı hazırkı stadion 1926-cı ildə tikilib və 80 min azarkeş tutumuna malikdir. Komandalar 1947-ci ildən etibarən arenadan ortaq şəkildə istifadə edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest