Dünən AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib. İki gün davam edən görüşdə FIFA nümayəndəsi Stefani Eyçenberger, UEFA nümayəndəsi Massimilano Miçenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər

Dünən AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib. Matc.az xəbər verir ki, iki gün davam edən görüşdə FIFA nümayəndəsi Stefani Eyçenberger, UEFA nümayəndəsi Massimilano Miçenzi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak ediblər.
 
Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Hakimlər Komitəsinin, PFL-in əməkdaşları, hakimlər, hüquq-mühafizə orqanlarının, Premyer Liqa və I Divizionda çıxış edən klubların nümayəndələrinin də qatıldığı görüşdə qonaqlar xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıblar. FİFA və UEFA nümayəndələri müvafiq olaraq FİFA-nın və UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.
 
Bu barədə Sportinfo.az saytına açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə nəticəsi şübhə doğuran oyunların olduğunu dolayısı ilə təsdiqləyib və belə neqativ hallara qarşı mübarizənin gücləndirildiyini deyib: "Vaxtaşırı UEFA-dan nəticəsi şübhə doğuran oyunlarla bağlı məlumatlar alırıq. Sevindirici məqam ondan ibarətdir ki, son dövrlərdə nəticəsi şübhə doğuran oyunların sayında 30 faizə qədər azalma müşahidə olunur.
 
Təbii ki, nəticəsinin manipulyasiyaya cəhd olunmasına dair şübhə doğuran oyunlarla bağlı AFFA-nın mövqeyi dəyişməz olara qalır. Bu "virus"a qarşı mübarizə tam gücü ilə aparılır. Bildiyiniz kimi, FIFA və UEFA-nın nümayəndələri ilə birlikdə dünən danışılmış oyunlar müzakirə edilib. Lakin onların Bakıya səfərinin sırf bu məsələ nöqteyi-nəzərindən hansısa klubumuzla, yaxud liqalarımızdan hər hansı bir görüşdə nəticəsi şübhə altına alınmış oyunla bağlı olmadığını da diqqətinizə çatdırmaq istəyirəm. Bu, qabaqlayıcı, maarifləndirici bir tədbirdir və tək Azərbaycanda deyil, FIFA, UEFA-ya üzv olan bir çox ölkədə mütəmadi ardıcıllıqla keçirilir.
 
Baş katib nəticəsi şübhə doğuran oyunlarla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlığın gücləndirildiyini də diqqətə çatdırıb: "Son olaraq deyim ki, müvafiq instansiyalarla əməkdaşlığımız sıx şəkildə davam edir. Futbol ictimaiyyəti bundan sonra da belə neqativ hallara qarşı sərt mübarizə aparacağımıza əmin ola bilər. Hər hansı neqativ hal sübuta yetirilərsə, günahkarlar cəzalandırılacaqlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest