"Qalatasaray"da zədəsi olan Viktor Osimhen intensiv müalicə prosesindən sonra "Trabzonspor"la oyunun heyətində yer ala bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.

Bildirilir ki, texniki heyət zədəli futbolçuların vəziyyətini yaxından təqib edir. "Başakşəhər"lə görüşdə zədələnərək oyundan çıxan Viktor Osimhenin təxminən 3 həftə meydanlardan uzaq qalması gözlənilirdi. Ancaq intensiv müalicə prosesi keçən nigeriyalı futbolçunun Trabzon səfərinə aparılma ehtimalı yaranıb.

Tibb heyətindən gələcək hesabatlara görə, Osimhenin həftə içində məşqlərə başlaya biləcəyi bildirilir.

Mario Lemina da Osimhen kimi "Başakşəhər" qarşılaşmasında zədələnərək meydanı tərk etmişdi. 2-3 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilən qabonlu futbolçunun da müalicəsi tamamlanmaq üzrədir. Tibbi heyət Leminanın da Trabzon heyətinə düşməsi üçün böyük güc sərf edir.

Zədəsi səbəbindən mövsümün əvvəlindən bəri komandadan uzaq qalan Günay Güvənç də sıraya dönür. Təcrübəli qapıçının Qaradəniz səfərinin geniş heyət siyahısında yer ala biləcəyi öyrənilib.

Zədəsi davam edən Vilfrid Sinqonun isə milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra formasına qovuşması gözlənilir.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Kocaelispor"la (1:0) keçirdikləri matçın ardından zədəli futbolçuların vəziyyəti ilə bağlı danışıb. Milli fasilədən əvvəl gələn həftə "Trabzonspor"un qonağı olacaqlarını xatırladan Buruk bu fikirləri səsləndirib:

"Osimhen və Leminanın müalicələri davam edir. Onları "Trabzonspor" matçına yetişdirmək istəyirik, amma gedişata baxmaq lazımdır. Ağrıları davam edərsə, son yoxlanışları mənfi nəticələnərsə, onlardan istifadə etməyəcəyik. Ancaq hazırda önümüzdə 5-6 günlük bir vaxt var. Sinqo milli komanda fasiləsindən sonra yenidən başlayacaq. O da zərbə almışdı. Keçən il zədə aldığı ayağı deyil, digər ayağına arxadan zərbə dəymişdi. Qan sızmasından sonra oynamağa davam etdiyi üçün orada ağrısı yarandı. O da milli komanda fasiləsindən sonra hazır olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest