AVRO-2020-nin seçmə mərhələsində son iki oyununa hazırlaşan Slovakiya yığmasının mükafat fondu açıqlanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Xorvatiya və Azərbaycan üzərində qələbə komandaya mükafat qazandıracaq.

Bunu Slovakiya Futbol Assosiasiyasının prezidenti Yan Kozaçik deyib. O bildirib ki, komanda Xorvatiya üzərində qələbəyə görə 200 min, Azərbaycana qalib gələcəyi təqdirdə isə 50 min avro qazanacaq.

Prezident futbolçuların seçmə mərhələdə indiyə qədər ümumilikdə 340 min avro qazanc götürdüklərini söyləyib. Slovaklar ən az pulu Azərbaycan millisi üzərində qələbəyə görə alıb. Belə ki, Bakıdakı 5:1 hesablı qələbə də oyunçulara 50 min avro qazandırmışdı.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest