"Dünya çempionatındakı məyusluqdan sonra yenidən böyük turnir həyəcanı yaşamaq istəyirik. O dönəmdən bəri çox şey dəyişib". Matc.az saytının məlumatına görə, bunu Uels yığmasının yarımmüdafiəçisi Aaron Remsi deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan Britaniya təmsilçisi 2:0 hesablı qələbə qazanaraq, qitə birinciliyinə vəsiqə şansını artırıb. Uels son matçda sabah Macarıstan üzərində qələbə qazanarsa, qrup ikincisi kimi, Avropa çempionatına yollanacaq.

Bununla bağlı yerli mətbuata açıqlama verən Remsi AVRO-2016-dakı uğuru təkrarlamaq arzusunda olduqlarını vurğulayıb: "Son Avropa çempionatlarında yaxşı vaxt keçirmişik. Yenidən bu həyəcanı yaşamaq istəyirik. Komandada yeni simalar var ki, onlar həmin təcrübəni yaşamayıblar. Həmin gənclər üçün final mərhələsi önəmli olar. Avropa çempionatına vəsiqə yolunda Azərbaycanla oyun çox önəmli idi. Azərbaycan kimi ölkələrə səfərdə qalib gəlmək həmişə çətin olur. Xorvatiya Bakıya getdi və büdrədi. Bu üzdən Bakı səfərində əldə edilən qələbə çox vacib idi".

Qeyd edək ki, Uels - Macarıstan görüşü sabah Kardiffdə baş tutacaq. Həmin gün millimiz Slovakiyanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest