"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Ayxan Abbasovu təbrik edirəm. Məğlubiyyəti gözləyirdim. Neçə oyun idi uduzmurduq. Bu, baş verməli idi. Ancaq bunu futbolçulara bildirmirdim. Hazırda futbolçuların üzərinə çox getməyəcəm. Son zamanlarda bəzi epizodlar var ki, komandayla təhlil edirik".
 
Qurbanov futbolçularının fikrinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları "Sevilya" ilə oyunda olması fikri ilə razılaşmadığını bildirib: "Belə deməzdim. Sadəcə, iki fərqli hissə oldu. Qola kimi həddindən artıq top itkilərinə yol verdik."Sumqayıt" da aktivliyini artırdı. çox nüanslar göstərmək olar, sadəcə, məğlub olmuşuq və bunu qəbul edirəm. Son zamanlarda komandanı tam formalaşdıra bilmirəm. Zədəlilər var, biri sağalır, biri zədələnir. Hər bir halda, bunlara hazır olmalıyıq. İnanmıram ki, fikrimiz "Sevilya"da olsun. Hamımız qələbə qazanmaq istəyirdik".
 
"Qarabağ"ın çalışdırıcısı son 4 oyunda komandanın məhsuldarlığının aşağı düşməsi ilə bağlı bunları söyləyib: "Son zamanlarda hücumçularımız çox zədələnir. Bu mövqedə problemlər olur. Yavaş-yavaş hamı qayıdır. Bu gün ümumiyyətlə 1:2-dən sonra Dani Kintananı da buraxa bilərdim, ancaq risk etmək istəmədim. Futbolçuları qorumağa çalışdım".
 
Qurbanov "Sevilya" səfəri öncəsi bu məğlubiyyəti mümkün qədər tez unutmalı olduqlarını dilə gətirib: "İstər-istəməz təsir edəcək. Biz peşəkarıq, oyundan sonra da futbolçulara fikrimi bildirdim. Bu gün tam soyuqqanlı olduq. Məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyıq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Düşünürəm ki, problem olmayacaq. Hazırda əsas olan futbolçuların tam formasını qorumaqdı".
 
Təcrübəli məşqçi öz oğlu Musa Qurbanlıya niyə şans verməməsinə də toxunub: "Hər şeyin öz vaxtı var. Musa ilə yanaşı, digər gənc oyunçular da var. "Qarabağ"da oynamaq asan deyil. Onlar daha da çox çalışmalıdılar, zaman gələcək oynayacaqlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest