İngiltərənin “Arsenal” klubu 2027-ci ilin yanvar transfer pəncərəsində hücum xəttini iki futbolçu ilə gücləndirməyi planlaşdırır. Matc.az xəbər verir ki, London təmsilçisinin maraq dairəsində “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız və “Bornmut”un hücumçusu Eli Junior Kroupi var.
Məlumata görə, baş məşqçi Mikel Arteta komandada hücum potensialını artırmaq istəyir. Yıldız sol cinahda, Kroupi isə mərkəz hücumçusu mövqeyində çıxış edə biləcək futbolçular kimi nəzərdən keçirilir.
20 yaşlı Kroupi ötən mövsüm bütün turnirlərdə 35 oyunda 13 qol vurub. O, mövsümöncəsi zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalsa da, artıq meydana qayıdıb.
Bununla belə, “Bornmut”un qış transfer pəncərəsində futbolçunu satmağa isti yanaşmadığı bildirilir.
Kenan Yıldızın transferi də asan olmayacaq. “Yuventus”un gənc ulduz üçün 100 milyon avrodan artıq təzminat tələb edə biləcəyi qeyd olunur.
Qeyd edək ki, “Arsenal” yay transfer pəncərəsində də hər iki futbolçu ilə maraqlanıb.













