"Zirə" bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda XIII turda "Qəbələ" ilə qarşılaşacaq.

Sabahkı görüş Qəbələ şəhər stadionunda baş tutacaq. Bu, "qartallar"ın mövsümün ilk yarısında çempionatdakı son səfər sınağı olacaq.

Qəbələdəki matç iki komanda arasında 18-ci duel kimi tarixə düşəcək. İndiyədək Premyer Liqada 17 dəfə yolları kəsişən rəqiblərin oyunlarında daha çox heç-heçə qeydə alınıb. 8 dəfə sülhlə ayrılan komandaların görüşlərində "Zirə" 4, "Qəbələ" 5 dəfə qalib gəlib. 15 qol vuran bakılılar öz qapısından 19 top buraxıb.

Son üç qarşılaşmada meydanı qolsuz tərk etməyən qəsəbə təmsilçisinin 11 futbolçusu "Qəbələ"nin qapısına yol tapıb. Onlardan dördü daha çox – hərəyə 2 dəfə fərqlənib. Bunlar Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriçdi.

"Zirə" 9-cu dəfə Qəbələnin eyniadlı komandasının qonağı olacaq. Səfərdə 1 qələbəsi olan paytaxt klubu 5 dəfə səfərdən bir xalla dönüb. 3 görüşdə xalsız qalan komanda 6 qol vurub, 8-ni buraxıb.

Qeyd edək ki, "Qəbələ" – "Zirə" matçı saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest