Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay sıx qrafiklə oynamağın çətinliklərindən söz açıb.
 
Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında öz komandasını "Qalatasaray"la müqayisə edib:
 
"Super Liqadakı rəqiblərimizin əksəriyyəti bizdən üstün durumdadır. çünki biz üç gündənbir oyunlara çıxırıq. Həm Avropa Liqasında, həm də Super Liqada mübarizə aparırıq. "Qalatasaray" 7 gündə 1, biz isə 3 oyuna çıxırıq. Bu şərtlər altında hazırlıq matçı da keçirə bilməzdik. Milli komandalara gedən oyunçularımız var. Yığmaların oyunları ilə bağlı fasilədə zədəli futbolçularımızı sağaltmaq istəyirik".
 
çalımbay Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: "Növbəti mərhələ şanslarımız davam edir. "Qarabağ" səfərindən qələbə ilə qayıtmaq istəyirik. Bu matçı İstanbulda oynayacağıq. Bizim üçün az da olsa, üstünlük olar. Qazanmaqdan başqa şansımız yoxdur. Mənim yeganə qorxduğum şey zədədir. Bu məsələ ilə bağlı problem yaşamasaq, qrupdan çıxacağıq".
 
Qeyd edək ki, noyabrın 26-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest