Qadın futbolçulardan ibarət Azərbaycan millisi yenidən beynəlxalq arenaya çıxacaq. Matç.az saytı xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində iştirak edəcək.

Bununla da komandamızın 9 illik həsrəti sona çatacaq. Belə ki, AVRO-2009 və DÇ-2011-in seçmə mərhələlərində sonra yığmanın fəaliyyəti dayandırılmışdı. Seçmə xarakterli son matçını 2010-cu ildə keçirən xanım futbolçularımız gələn il yenidən beynəlxalq arenada oynayacaq.

Əslində Azərbaycanı qitə çempionatının seçmə mərhələsinin debütantı da hesab etmək olar. Çünki AVRO-2009-a ilkin mərhələdən start verən yığmamız əsas seçmə mərhələyə yüksələ bilməmişdi.

Komandamızın fəaliyyətindəki fasilə isə 2010-cu ildə yaşanan xoşagəlməz hadisələrlə bağlı idi. Milliləşmə və lipa qalmaqalı UEFA-nın diqqətini çəkmişdi. Nəticədə AFFA əsas millinin fəaliyyətini dondurub, U-17 və U-19-larla qitə miqyaslı turnirlərə qatılmağa qərar vermişdi.

AVRO-2021-in seçmə mərhələsinin püşkatma mərasimi 2019-cu il fevralın 21-də keçiriləcək. Bu dəfə turnirdə rekord sayda – 48 yığma qüvvəsini sınayacaq. Onlardan 47-si seçmə mərhələdə oynayacaqsa, final mərhələsinin ev sahibi İngiltərə bu raundlardan azaddı.

İsveçrənin Nyon şəhərindəki püşkatma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Seçmə mərhələdə komandalar 9 qrupa bölünəcək. Bunların 7-də 5, ikisində 6 yığma mübarizə aparacaq. Artıq indidən yığmalar 5 səbətə bölünüb. İki qrupa son səbətdən 2 komanda düşəcək. Azərbaycan son səbətdə yer alıb.

1-ci səbət: Fransa, Almaniya, Hollandiya, İspaniya, İsveç, Norveç, İsveçrə, Şotlandiya, İtaliya

2-ci səbət: Avstriya, Danimarka, İslandiya, Belçika, Rusiya, Uels, Ukrayna, Finlandiya, Çexiya

3-cü səbət: Portuqaliya, İrlandiya, Polşa, Rumıniya, Serbiya, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, Belarus

4-cü səbət: Türkiyə, Slovakiya, Xorvatiya, Şimali İrlandiya, Yunanıstan, İsrail, Qazaxıstan, Albaniya, Moldova

5-ci səbət: Farer adaları, Malta,  Makedoniya, Estoniya, Monteneqro, Gürcüstan, Latviya, Litva, Azərbaycan, Kipr, Kosovo.

Seçmə mərhələnin oyunlarının tarixləri də bəllidi. Matçlar 2019-cu ildə 26 avqust – 3 sentyabr, 30 sentyabr – 8 oktyabr, 4-12 noyabr, 2020-ci ildə 2-11 mart, 6-14 aprel, 1-9 iyun, 14-22 sentyabr aralığında baş tutacaq.

Qrup qalibləri və ən yaxşı nəticə üç 2-ci yer sahibi İngiltərə-2021-ə vəsiqə əldə edəcək. Digər ikincilər isə pley-offda son 3 yer uğrunda mübarizə aparacaq. Bu raund 2020-ci ilin oktyabrında baş tutacaq. 2021-ci ilin yayındakı final mərhələsində isə 16 milli çıxış edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest