"Bütün şahmatçıların şansları var. 1/4 finaldakı iştirakçıların heç biri zəif rəqib deyil. Əsəblər və oyun hazırlığı çox vacibdir. Gördüyüm qədərilə Teymurun hazırlığı və əsəbləri arzuolunan səviyyədədir"

"Teymur Rəcəbovun böyük uğuru olmasa da, niderlandlı Aniş Giriyə qarşı uğursuzluğu da yoxdur" Matc.az xəbər verir ki, bunu  Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Teymur Rəcəbovun "Opera Euro Rapid"in 1/4 final mərhələsində keçirəcəyi görüşü barədə danışarkən deyib.
 
Federasiya rəsmisinin sözlərinə görə, hər iki şahmatçı arasındakı qarşılaşma bərabər səviyyədə davam edəcək: "Buna əminəm. Hər hansı bir tərəfin açıq üstünlüyə malik olacağını gözləmirəm. Ümid edirəm ki, Rəcəbov bu qarşıdurmadan müvəffəqiyyətlə çıxacaq. Aniş Giri Niderlandın Veyk-an-Zee şəhərində ənənəvi "Tata Steel Masters" turnirində ikinci oldu. O, həmyerlisi Yorden Van Forestdən geri qalıb. Giri hazırda yaxşı formadadır".
 
Məmmədov Rəcəbovun 1/4 finaladək yalnız bir dəfə qələbə qazanma səbəbini belə izah edib: "Teymur vaxtaşırı bu cür taktikalara əl atır. Dünənki görüşlərə baxdım. Risk etmir, həmişə olduğu kimi, hazırlıq səviyyəsi yüksəkdir. Oyunlarını həddən artıq ağır və klassik şəkildə keçirir. Ancaq kimsə, risk etsə, həmin an rəqibini məğlub edir. Çoxları Teymurun bu üslubunu bilirlər və riskə getmirlər".
 
Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezident olan funksioner Rəcəbovun bu mərhələnin də qalibi ola biləcəyini söyləyib: "Bütün şahmatçıların şansları var. 1/4 finaldakı iştirakçıların heç biri zəif rəqib deyil. Əsəblər və oyun hazırlığı çox vacibdir. Gördüyüm qədərilə Teymurun hazırlığı və əsəbləri arzuolunan səviyyədədir".
 
Qeyd edək ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.1/4 final görüşləri iki gün davam edəcək. Şahmatçılar hər gün 4 görüş keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq. report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest