Azərbaycan şahmatçısı Teymur Rəcəbov çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib.
 
Matc.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.
 
Tərəflər arasında ilk 4 qarşılaşma ilk gündə olduğu kimi, heç-heçə yekunlaşıb - 2:2. Yarımfinala vəsiqənin sahibi isə tay-breykdə bəlli olub. Burada rəqibinə 1.5:0.5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə vəsiqəni təmin edib.
 
Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşü norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav arasında baş tutacaq.
 
Yarımfinal qarşılaşmaları fevralın 11-12-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest