Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib.
 
Matc.az xəbər verir ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə Respublika Velotrekində keçirilən Açıq Birincilikdə U-15 və U-17 yaş kateqoriyasına aid 30-dan artıq idmançı mübarizə aparıb.
 
Açılış mərasimində idmançıları salamlayan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov böyüklərdən ibarət yığma komandalar üçün baza rolunu oynayan 15 və 17 yaşadək velosipedçilərə yeni mövsümdə uğurlar arzulayıb. Dövlət himni səsləndirildikdən sonra yarışa start verilib.
 
15 yaşadək qızların 333 metr məsafəyə fərdi mübarizəsi Aybəniz Abbaszadənin qələbəsi ilə yekunlaşıb. Leyla Dadaşova 2-ci, Nəzrin Tağızadə 3-cü olub. Bu yaş kateqoriyasında olan oğlanlar da 333 metr məsafəyə yarışıblar. Ən yaxşı nəticə göstərən Ravi Rzayev 1-ci yeri tutub. Murad Dadaşov və Aslan Hənifəyev isə 2-3-cü yerlərdə qərarlaşıblar.
 
17 yaşadək oğlan və qızlar 666 metr məsafəyə fərdi yürüşdə ən güclünü müəyyən ediblər. Qızlar arasında Radha Şabanova 1-ci, Aişə Tağızadə 2-ci olub. Oğlanların mübarizəsində Hüseyn Nərimanov fəxri kürsün ən yüksək pilləsinə qalxıb. ömər Musayev gümüş, Mirsaleh İbadov isə bürünc medal əldə edib.
 
Qalib və mükafatçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest