Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlığı başa vurub. Matc.az xəbər verir ki, yığmamız iki ay davam edən hazırlıq mərhələsində Mingəçevir və Bakının ardından Yunanıstan, Macarıstan, Bosniya və Herseqovinada təlim-məşq toplanışları və yoxlama oyunları keçirib.
 
Vüqar Əliyevin rəhbərlik etdiyi komanda Bosniya və Herseqovinadakı məşqlərdə tam heyətlə iştirak edib. Bir müddət əvvəl əməliyyat olunan Olena Xarçenko da son toplanışda komanda ilə məşqlərə qatılıb. Bəzi təcrübəli voleybolçular isə bu Avropa çempionatında komandaya kömək edə bilməyəcəklər. Buna səbəb həmin oyunçuların zədələri və bərpa mərhələsinin başa çatmaması olub.
 
Pandemiya səbəbindən məşqsiz qalan voleybolçular uzun fasilədən sonra iki ay təlim-məşq toplanışlarında və yoxlama oyunlarında əvvəlki formalarını bərpa etməyə çalışıblar. Onlar ciddi həkim nəzarəti altında məşq ediblər. çünki bəzi voleybolçular hazırlıq prosesində bel və diz zədələri ilə üzləşiblər. Buna baxmayaraq, onlar həkimin müalicə protokolunu və fiziki məşqçinin verdiyi proqramları yerinə yetirərək tezliklə meydançaya qayıtmaq üçün əllərindən gələni ediblər.
 
Gənc oyunçuların da cəlb olunduğu komandada 4 voleybolçu ilk dəfə Avropa çempionatında mübarizə aparacaq. Yığma ardıcıl 9-cu dəfədir qitə birinciliyində iştirak edəcək.
 
Avropa çempionatında yığmanın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış edəcəklər. Bu yarışda baş məşqçi Vüqar Əliyevə Eldar Yusubov, Emin Əbilov və Sinişa Popek köməklik göstərəcəklər.
 
Milli komanda bu gün Bosniya və Herseqovinadan birbaşa çempionatın keçiriləcəyi Serbiyanın paytaxtı Belqrada yollanıb.
 
Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Komandanın oyunları İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.
 
Oyunların təqvimi
 
20 avqust
19:00. Azərbaycan - Belçika
 
21 avqust
20:00. Azərbaycan – Bosniya və Herseqovina
 
22 avqust
19:00. Rusiya – Azərbaycan
 
24 avqust
22:00. Azərbaycan - Serbiya
 
25 avqust
19:00. Fransa – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest