Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə Polşanın “Legiya” klubu arasındakı gərginlik səngimək bilmir. Klubdan ayrılmaqda israrlı olan futbolçumuz artıq Varşava təmsilçisini məhkəməyə verib. Matc.az Polşa mediasına istinadən xəbərinə görə, 24 yaşlı hücumçu bu addımı klubun ona olan borcuna görə atıb. Komandasının toplanışına qatılmayan Emreli “Legiya” ilə müqaviləsinə xitam verilməsini tələb edir.

Onun məhkəməyə üz tutması isə polşalı fanatları özündən çıxarıb. Varşava komandasının azarkeşləri sosial şəbəkələrdə futbolçunun ünvanına hədələr, vulqar sözlər və sərt tənqidlər yazıblar: “Onu zehni olaraq məhv edin. Hətta sosial şəbəkələrdə, gedəcəyi klubların forumlarında Mahiri rahat buraxmayın. O, satqındır, qorxaqdır! O, burda qol vurmaqdan daha çox əylənirdi...”.

Fanatlar iddia edir ki, “Legiya”nın belə xaraktersiz futbolçuya ehtiyac yoxdur: “Onu intizam cəzasına məhkum edin. Komandamızın zəif olmadığını görəcək. Siz bu axmağa baxın. Yəqin ki, onun futbol qaydalarından xəbəri yoxdur”.

Azərbaycan yığmasının sabiq kapitanı, vaxtilə legioner həyatı yaşamış Emin Quliyev isə əməkdaşımızla söhbətində bildirib ki, Emreli “Legiya”da qalıb möhkəmlənməli, sonra isə daha güclü komandaya getməli idi: “Azarkeşlərlə futbolçular arasında narazılıq həmişə, hər yerdə olub. “Legiya” pis komanda deyil. Mahir Varşava təmsilçisindən tramplin kimi istifadə edib, daha yaxşı komandaya gedə bilərdi. Mən də ölkə xaricində oynamışam. Azərbaycan çempionatına qayıtmağa görə sonradan peşman olmuşam. Kaş ki, karyeramı ölkədə yox, xaricdə davam etdirərdim. Bunlar mənim fikrimdir, amma Mahirin nə düşündüyünü bilmirəm. Onun klubu məhkəməyə verməsinə gəlincə, bu haqda geniş məlumatım yoxdur”. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest