Çox yaxşı və məzmunlu oyun alındı. Yaxşı hücumlardan sonra baxımlı qollar vuruldu. Sadəcə, ikinci hissənin əvvəlləri xoşuma gəlmədi

"çox yaxşı və məzmunlu oyun alındı. Yaxşı hücumlardan sonra baxımlı qollar vuruldu. Sadəcə, ikinci hissənin əvvəlləri xoşuma gəlmədi. Buna baxmayaraq, tədricən nəzarəti ələ alıb oyunu sakitləşdirə bildik və bizə lazım olan daha 2 qol vurduq".
 
Matc.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Şamaxı"nı 5:1 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın 24-cü tur matçından sonra keçirilən mətbuat konfransında deyib.
 
Rusiyalı mütəxəssis bildirib ki, qonaq komandada baş məşqçi dəyişikliyi olduğu üçün rəqibin necə oynayacağından məlumatsız olub: "Yeni mütəxəssis əvəzedici komandadan gəlib, oyun ərzində 2 fərqli sxemdən istifadə etdi. Məmnunam ki, buna tez reaksiya verdik və azarkeşlərimizi sevindirdik".
 
"Şamaxı"da baş məşqçi vəzifəsini icra edən Rüstəm Əliyev isə bu cür məğlubiyyət gözləmədiyini söyləyib: "Düzdür, bu posta 1 həftədir təyinat almışam. Futbolçularla söhbətimiz oldu. Məşqlərdə canla-başla çalışırdılar. Qələbə, ən azı heç-heçə gözləyirdik. Bu cür məğlubiyyət acıdır. Rəqib həqiqətən yaxşı komandadır. Murad Musayevin gəlişindən sonra böyük dəyişiklik olub. Artıq avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Hər şey göz qabağındadır".  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest