"Bizim üçün gərgin oyun oldu. Mövsümün sonu yaxınlaşdığından, futbolçuların üzərində əlavə təzyiq olur. Bunu ilk hissədə görürdük". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXIV turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
 
Gənc çalışdırıcı matçın ardından bu fikri səsləndirib: "Birinci hissənin daha çətin olacağını gözləyirdik. Səbrli, təmkinli oynayıb, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq. İstədiyimizə nail olduq. Fasilədən sonra daha hücumameylli oynadıq, qol vəziyyətlərimiz oldu. Hətta qələbə qazanmasaydıq belə, futbolçularımdan razı olacaqdım. Xüsusən də, ikinci hissədəki oyunumuza görə. çox vacib, kritik oyun idi. "Qəbələ" də bu gün məğlub olmuşdu. Turnir cədvəlində 3-cü yeri tutmaq baxımından önəmli qələbə idi. Bu cür qalibiyyətlər futbolçularda inamı da artırır. Uşaqlar sona qədər ruhdan düşmədilər, hücumlarını davam etdirdilər. Ən vacibi odur ki, kor-koranə hücum etmirdilər, düşünülmüş, hazırlaşdığımız kombinasiyaları icra etməyə çalışırdılar. "Sumqayıt" isə son görüşdə "Qəbələ"yə qarşı çox yaxşı çıxış etmişdi. Görünürdü ki, komandada canlanma, irəliləyiş var. Bu gün də çox yaxşı oyun keçirdilər. Bizə vacib olan qələbəni qazandığımız üçün Allah çox şükür edirəm".
 
- Meydanın mərkəzində Coşqun Diniyev çox top itkilərinə yol versə də, son dəqiqələrə kimi onu meydanda saxladınız. Bu inamdan irəli gəlir, yoxsa onu əvəz edəcək oyunçu yoxdur?
- Ehtiyatda oyunçumuz var. Əvvəlcə hücum xəttini gücləndirdik. Davit Volkovu və hücuma kreativliyi artırmaq üçün Ahmed Ayzayanı meydana buraxdıq. Artıq bir əvəzləməmiz qalmışdı. Matçın sonlarında Coşqun yorulmuşdu. O, həm ötən turda, həm də bu gün meydanda çox işlədi, güc sərf elədi. Bu, başadüşülən idi. İmkan olsaydı, daha 5-10 dəqiqə tez dəyişmək olardı. Ancaq yaxşı keçirdiyi oyunlardan biri idi. Top itkiləri olacaq. çünki aparıcı futbolçudur, arxadan oyun quruculuğunda kombinasiyalarımız ondan keçir. Əsas odur ki, oyuna yanaşması və verilən tapşırıqları icra etməsi baxımından problem hiss eləmədim.
 
- çox ağır oyun keçirdiniz və dörd gün sonra ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi" ilə cavab matçına çıxacaqsınız. Bu yorğunluğun fonunda qarşıdakı görüşə hazırlaşmaq çətin olmayacaq?
- Bu, bizim üçün elə oyun idi ki, sonrakı matçı fikirləşə bilməzdik. Kubokda hər oyunda şanslar yarı-yarıyadır. Uduzdunsa kənardasan. Finala vəsiqə belə, avrokuboklara vəsiqəni təmin eləmir. Mənim üçün avrokubok yolunda "Sumqayıt"la görüş daha önəmli idi. Bundan sonra "Neftçi" ilə cavab qarşılaşmasını düşünəcəyik. Qarşıda 4 gün var. "Neftçi" də az gün sərf etməyib. Bildiyim qədərilə bu gün "Səbail"lə oyunları gərgin keçib, azlıqda qalıb. Düşünürəm ki, hər iki komandanın şəraiti eyni olacaq. Burada daha soyuqqanlı, inamlı olan növbəti mərhələyə keçən tərəf olacaq. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest