"Bu gün məcburiyyətdən çox qaçmaq istəmirdik. çünki fikrimiz kubokun cavab oyununa bir az gümrah qalmaq idi". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIV turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
 
"Ağ-qaralar"ın çalışdırıcısı qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: "Futbolçularımı başa düşürəm, matçdan əvvəl psixoloji təzyiq var idi. İlk məqsəd qələbə qazanaraq uğurlu seriyanı davam etdirmək idi. İkinci məqsəd isə görüşə tam heyətlə çıxmaq idi. Təəssüf ki, Sezar Meza Kolli, İvan Brkiç, Vojislav Stankoviç, Mert çelik kimi oyunçulardan məhrumuq. Onların zədələnməsi ola bilər ki, komandaya təsir göstərdi. Onların ölkə kubokunda "Zirə" ilə cavab görüşündə iştirak edib-etməyəcəyi də bəlli deyil. Düşünürdük ki, oyun yaxşı gedərsə, bəzi futbolçuları matçın gedişində dəyişib, onlara istirahət verərik. Bu da alınmadı. İkinci hissədə azlıqda qaldıqdan sonra həddən artıq çox təzyiqlə üzləşdik. Bu da normal haldır".
 
Baş məşqçi heyətdəki itkilərə baxmayaraq, sona qədər mübarizə aparacaqlarını söyləyib: "Son oyunlarda heyətlə bağlı müəyyən problemlər yaşayırıq. Meydanda 10 və ya 11 nəfərlə qalmağın fərqi yoxdur. Sona qədər mübarizə aparmaq lazımdır. Əsas odur ki, bu gün də uğurlu seriyanı davam etdirdik. Bu cür də davam etməliyik. Başqa çıxış yolumuz yoxdur. Qarşıda ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşü var. Ehtiyat oyunçular skamyamıza baxsanız, görərsiniz ki, vəziyyətimiz ürəkaçan deyil. Bugünkü matçdan sonra da cəzalılarımız oldu. Ancaq buna öyrəşmişik. Başımızın çarəsini qılacağıq".
 
Abasov turnir cədvəlinin lideri "Qarabağ"ın çempionluğuna şübhə etmədiyini bildirib: "Məncə, "Qarabağ" artıq çempiondur, bunu gizlətməyək. Bu gün xal itirsəydik də, itirməsəydik də, nəsə dəyişmirdi. çünki iki komandanın digərlərinə qarşı oyunu göz önündədir. Mən deməklə deyil. Bu gün heç "Qarabağ"ı düşünmürdük. Yalnız bir məqsədimiz var idi ki, seriyanı davam etdirək, kubok öncəsi əhval-ruhiyyəmiz yaxşı olsun. Əsas heyət üzvlərinin olmamasının komandaya nə qədər təsir etdiyini bilirəm. çünki öz aralarında da danışırlar".
 
O, 47-ci dəqiqədə qırmızı vərəqə alan müdafiəçiləri ömər Buludovu bu hərəkətinə görə qınayıb: "ömərin ikinci sarı vərəqə aldığı anı oyun epizodu saymıram. "Neftçi"nin futbolçusu belə hadisənin yaşanmasına imkan verməməlidir. Deməli, o qədər təzyiq altındasan ki, passivində bir sarı ola-ola durduğun yerdə rəqibi dartırsan, haqlı olaraq da qırmızı vərəqə alırsan. Futbolçumuz həmin dəqiqə düşdüyü situasiyanı analiz edə bilmirsə, bizə nə qədər çətin olduğunu anlayın".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest