09 May 2022, 19:44
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
	"Sumqayıt"ın qələbə həsrətinə son qoyulub. Matc.az xəbər verir ki, sözügedən komanda uzun fasilədən sonra Azərbaycan Premyer Liqasında qələbə sevinci yaşayıb.
	Aleksey Baqanın çalışdırdığı kollektiv buna 26-cı tur çərçivəsində baş tutan "Şamaxı" ilə oyunda nail olub. Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər. Sumqayıtlıların hər iki qolunu Əli Qurbani vurub. Millimizin də üzvü olan hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
	Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib. Sumqayıtlılar sonuncu dəfə ötən ilin 31 oktyabrında, Premyer Liqanın 9-cu turu çərçivəsində "Səbail"lə ev oyununda 2:1 hesablı qələbəyə sevinmişdilər.
	Yeri gəlmişkən, Əli Qurbani də cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb. 31 yaşlı hücumçu sonuncu dəfə ötən il avqustun 21-də Premyer Liqanın 2-ci turunda "Sabah"la görüşdə (2:0) fərqlənmişdi. Beləcə, millimizin üzvü 19 oyundan sonra rəqib qapısına yol tapdı. O, bu mövsüm müxtəlif səbəblərdən beş matçda meydana çıxmayıb.
	Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.
				
         	
                                             
               
            
 










