"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turunun matçını - "Neftçi" ilə oyunu dəyərləndrib. Matc.az xəbər verir ki, 1:0 hesablı qələbə sayəsində Konfrans Liqasına vəsiqəni təmin edən "qartallar"ın 39 yaşlı çalışdırıcısı belə danışıb:
 
"Futbolçularımı təbrik edirəm. Vacib oyunda qələbə qazandıq. Konfrans Liqasına vəsiqəni təmin etmişik, amma üçüncülük uğrunda mübarizə davam edir.
 
İlk hissədə oyuna nəzarət bizdə idi. İkinci yarıda rəqib ərazi üstünlüyünü ələ aldı. Paralel keçirilən matçda "Sabah" məğlub durumda olanda heç-heçə də bizə sərf edirdi. Bu zaman risk etdim və Ramin Əhmədovu meydana buraxdım. Bu da uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Ramin bura "Zaqatala"dan gəlib. Düşünürdüm ki, heyətə aşağı liqadan cəlb edilən futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı. 
 
Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Hazırda "Şamaxı" ilə oyuna köklənmişik. Hədəfimiz Konfrans Liqasına vəsiqə qazanmaq idi. Amma şans varsa, bürünc medalları da qazanmağa çalışacağıq.
 
Sadıqov baş məşqçi kimi avrokuboklarda debüt imkanına toxunub: "Oyundan əvvəl qarışıq hisslər keçirirdim. Turnir cədvəlindəki durum da gərginlik yaradırdı. Qarşıda oyunlarımız var. Yəqin ki, hissləri həmin oyunlardan sonra yaşayarıq. İndi 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq".
 
Mütəxəssis avrokuboklardakı hədəflər barədə danışmaq istəməyib: "Bir işi bitirməmiş gələcək planlar barədə düşünmürəm. Bünövrəni elə qurmalıyıq ki, komandanı inkişaf etdirək. Nə qədər pul olsa, daha yaxşı çıxış edərik. Mən kiməsə nəsə sübut etməyə çalışmıram. Başımı aşağı salıb işimi görürəm. Məni sevənləri, istəyənləri sevindirmək barədə düşünürəm".
 
Sadıqov gürcüstanlı hücumçu Davit Volkovun "Zirə"dəki taleyindən də söz açıb: "Ola bilsin ki, onu saxlamaqla bağlı çətinliklər yaşansın. Uğur varsa, futbolçular diqqət mərkəzinə düşür. Maksimum çalışacağəq ki, komandada qalsın. Amma onu sıxmıram, istəsə, gedəcək. Qalmasını istəyirik, getsə, yerinə variantlar axtaracağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest