“Sabah”ın nigeriyalı hücumçusu Emmanuel Apehin matc.az saytına müsahibəsi

- Çempionluq yolunda əsas rəqibiniz olan “Qarabağ”la bol qollu alınan Premyer Liqanın VI tur oyununda 3:4 hesabı ilə məğlub oldunuz. Bu nəticədə həlledici rolu nə oynadı?

- Bəli, məğlub olduq. Lakin qeyd etməliyəm ki, liqanın ən yaxşı komandasına qarşı oynadıq. Güclü rəqibə qarşı 10 nəfərlə oynamaq çətin idi. Buna rəğmən, çox çətin görüş oldu. Bu cür komandalara qarşı oyun həmişə çətin olur.

- Matçın nəticəsindən çox hakim qərarları müzakirə olundu. Hakim, həqiqətən də, qərəzli idarəçilik etdi?

- Fikrimcə, hakimlər bu oyunu daha yaxşı idarə bilərdilər. Lakin bu, futboldur. Bu cür hadisələr ən yaxşı liqalarda da baş verir.

- Ən çox narazı qaldığınız epizodlar “Qarabağ”ın 4-cü qolundan öncə autu rəqibin başlaması və sizin vurduğunuz 4-cü qolun ofsayd kimi qeydə alınması idi. Həmin epizodları yəqin ki, izləmisiniz...

- Videotəkrara baxmışam. Düzü, həmin epizodla bağlı dəqiq nəsə deyə bilməyəcəyəm. “Qarabağ”ın bir oyunçusu yerdə idi. Onun ofsaydı pozub-pozmadığını müəyyənləşdirmək çətindir.

- “Qarabağ”la görüşdə ilk dəfə start heyətində oynadınız və 90 dəqiqə meydanda qaldınız. Demək olarmı ki, komandaya artıq tam uyğunlaşmısınız?

- Bəli, belə də demək olar. Sadəcə, bu, çempionatda ilk 90 dəqiqəm idi. Lakin komandama kömək etmək üçün daha yaxşısını edə biləcəyimi düşünürəm.

- İlk 6 turda 2 qol vurmusunuz. Əsl Emmanuel Apehi izləmək üçün nə qədər zamana ehtiyac var və bu mövsüm qarşınıza konkret neçə qol vurmaq hədəfi qoymusunuz?

- Qarşıma konkret belə bir hədəf qoymamışam. Əsas kimin fərqləndiyi yox, komandanın qalib gəlməsidir.

- Birinci dövrəyə “Turan Tovuz”a qarşı oyunla yekun vuracaqsınız. Rəqibin son vaxtlar yaxşı formada olması sizi qorxutmur?

- Futbolda asan oyun olmur. “Turan Tovuz”la matç da bu baxımdan istisna olmayacaq. Bu görüşə daha yaxşı hazır olmaq üçün məşqlərdə var qüvvəmizlə çalışacağıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest