“Sumqayıt”ın yeni baş məşqçisi Samir Abasov bu gün jurnalistlərin qarşısına çıxaraq, suallarını cavablandırıb. Matc.az xəbər verir ki, o, əvvəlcə yenidən “Sumqayıt”a dönüşü barədə danışıb:
 
“Doğma şəhərimə qayıtmağım çox xoş oldu. Qayıtmaq deyəndə, əslində elə bu şəhərdə yaşayıram. Amma futbol sarıdan nəzərdə tuturam. Tanıdığım yerə qayıtmışam. Sadəcə, həyəcanlıyam. Bu qədər həyəcanlı olmamışdım. Bəlkə, öz şəhərimizin komandası olduğuna görə məsuliyyət daha da çoxdur. Onu da deyim ki, ümidliyəm. Hamı üçün xeyirlisi olsun”.
 
Abasov, Aleksey Baqanın istefaya göndərilməsindən sonra onunla danışıqların niyə bu qədər uzanmasına da aydınlıq gətirib:
 
“Bu, normaldır. Dərhal düzələn şeylərin də axırı yaxşı olmur. Klub baş məşqçini, məşqçi klubu razı salmalıdır. Söhbətlər getməlidir, detallara aydınlıq gəlməlidir. Hamısı normaldır, əsas odur ki, klub və mənim üçün xeyirli olsun.
 
Komandanın oyununa baxmışam. Amma bu vaxta qədər olan çatışmazlıqlar mənə aid deyil. Bundan sonra nə olacaqsa, ona cavabdehəm. Komanda zəif çıxış edirsə, uduzursa, çox və müxtəlif səbəblər ola bilər. Kimdəsə ruh düşkünlüyü ola bilər, legionerlər var və onların adaptasiyaya ehtiyacı yaranır. Məsələnin içində deyildim və uğursuzluğun haradan qaynaqlandığını bilmədiyimə görə, nəsə demək çətindir.
 
Hədəfimiz “Sumqayıt”ı qaytarmaq, azarkeşləri tribunalara yığmaqdır. Bilirik ki, bizim üçün bu mövsüm çox çətin olacaq. Çətinlikdən çəkinmirik, qorxmuruq. Bura gələn komandaların hara gəldiklərini bilmələrini istəyirik. Buna görə də, əlimizdən gələni edəcəyik”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest