Azərbaycan millisi tarixi çıxışını davam etdirməkdədi. Dörd gün əvvəl Moldovanı 2:1 hesabı ilə məğlub edən yığmamız Skopyedə də Şimali Makedoniyaya eyni aqibəti yaşatdı. Parlaq çıxışını daha güclü rəqibi önündə də davam etdirən Canni de Byazinin yetirmələri qələbələrini sıralayaraq, öz rekordunu yeniləyə-yeniləyə gedir.

Şimali Makedoniya – Azərbaycan – 1:3
Qollar: Enis Bardhi, 25 (pen.) – Elvin Cəfərquliyev, 38, Musa Qurbanlı, 65, Ramil Şeydayev, 89
Qırmızı vərəqələr: Boban Nikolov, 52 – Höccət Haqverdi, 75
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Muftari (hamısı Albaniya). Ehtiyat hakim: Yovan Kaçevski (Şimali Makedoniya)
Skopye, Todor Proeski stadionu

Şimali Makedoniya: 22. Damyan Şişkovski, 5. Nikola Serafimov, 6. Visar Musliu, 3. Stefan Aşkovski (19. Dorian Babunski, 76), 13. Stefan Ristovski (k) (15. Eqzon Beytulai, 77), 10. Enis Bardhi, 16. Boban Nikolov, 8. David Babunski (17. Valon Ethemi, 56), 24. Lyupço Doryev (21. Martin Mirçevski, 83), 7. Elif Elmas (9. Boyan Miovski, 76), 23. İliya Nestorovski (11. Yani Atanasov, 56)
Ehtiyat oyunçular: Stol Dimitriyevski, 12. Kristiyan Naumovski, 26. İqor Aleksovski, 2. Todor Todoroski, 4. Kire Ristevski, 14. Darko Velkovski, 18. Aqon Elezi, 20. Stefan Spirovski, 25. Boyan Dimoski
Baş məşqçi: Blaqoya Milevski
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bəxtiyar Həsənalızadə, 4. Bəhlul Mustafazadə (18. Anton Krivotsyuk, 68), 6. Höccət Haqverdi, 19. Elvin Cəfərquliyev (3. Azər Salahlı, 79), 8. Emin Mahmudov (k) (13. Ceyhun Nuriyev, 68), 20. Riçard Almeyda (26. Qismət Alıyev, 79), 22. Aleksey İsayev (16. Elvin Camalov, 59), 11. Ramil Şeydayev, 21. Ozan Can Kökçü (10. Mahir Emreli, 59), 24. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 14. Anatoli Nuriyev, 17. Toral Bayramov, 25. Rövlan Muradov
Baş məşqçi: Canni de Byazi

Yoldaşlıq görüşü olduğundan, dörd gün əvvəl Moldova ilə matçın heyətində rotasiyalar edilməsi gözlənilirdi. Çünki digər futbolçular da özlərini baş məşqçiyə göstərmək istəyirdilər. Lakin Canni de Byazi “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qaldı. Görünür, italiyalı mütəxəssis nəticəyə böyük önəm verir və uğurlu seriyanın davamını arzulayırdı. Start “11-liy”ində cəmi bir dəyişiklik var idi. Anton Krivotsyukun əvəzinə bu dəfə müdafiənin mərkəzində Bəhlul Mustafazadə iştirak edirdi. Millimiz 4-5-1 taktiki sxemində görünürdü. Lakin Ramil Şeydayevin matçdakı mövqeyi ilə əlaqədar komandamız son vaxtlar daha çox 4-4-2 kimi oynayır. Bütün diqqətlər isə yenə orta sahədəki “trio”ya yönəlmişdi. Moldova səfərində məhz Riçard Almeyda, Emin Mahmudov və Aleksey İsayevdən ibarət “üçlük” komandanın qələbəsində həlledici rol oynamışdı.

Şimali Makedoniyada isə müəyyən dəyişikliklər var idi. Baş məşqçi Blaqoya Milevski üç gün əvvəl Finlandiya ilə heç-heçə etdikləri (1:1) qarşılaşmanın “11-liy”indən 4 nəfərə bu dəfə ehtiyac duymamışdı. Bunlar qapıçı Stol Dimitriyevski, müdafiəçilər Ezqyan Alioski, Eqzon Beytulai və yarımmüdafiəçi Stefan Spirovski idi. Onları müvafiq olaraq Damyan Şişkovski, Stefan Aşkovski, David Babunski və Lyupço Doryev əvəzləmişdi. Bu dəyişikliklər oyun düzülüşünə də təsirsiz ötüşməmişdi. Finlandiya önünə 4-5-1 sxemində çıxan rəqib millimizlə görüşdə də eyni taktiki sxemi sınayırdı.

Matçın startı o qədər də sönük alınmadı. Düzdü, yüksək tempin şahidi olmurduq. Ancaq yenə də komandalar hücum cəhdləri edirdilər. Xüsusən də, meydan sahibləri müəyyən üstünlüyə malik idi. Komandamız topa yiyələndiyi zaman Elvin Cəfərquliyev soldan irəli atılırdısa, əks cinahdakı Höccət Haqverdi mərkəzə meyillənir, 3-lü müdafiə yaradırdı. Höccət hücuma çıxmasa da, makedoniyalılar onun cinahında boşluqlar tapa bilirdilər. Bu da həmin zonada rəqibin hücumlarından cavabdehlik daşıyan Elif Elmasın ustalığından qaynaqlanırdı. “Napoli”nin gənc oyunçusu tez-tez sol cinahdan reydlərlə müdafiəçimizi mübarizədən qopara bilirdi ki, bu da qapımız qarşısında təhlükəli vəziyyətlər yaranmasına gətirib çıxarırdı.

Komandamız çox keçmədən vəziyyəti bərabərləşdirməyi bacardı. Hətta yavaş-yavaş nəzarət də ələ keçirildi. Orta sahədəki “trio”nun yüksək performansı ev sahiblərini topla rahat oynamağa, hücum futbolu sərgiləməyə imkan vermirdi. Makedonların müdafiədə ciddi boşluqlar buraxması da diqqətçəkən məqam idi. Sadəcə, gah həlledici ötürmə dəqiq olmurdu, gah da müdafiəçilər zərbənin qarşısını son anda alırdılar. Hissənin ortalarından Skopyedə yağışın sürətinin artması hər iki komandanın yüksək tempdə çıxış etməsinə mane olurdu. Üstəlik, ot örtüyünün də ideal vəziyyətdə olmamasını vurğulamaq olar.

Hər şeyin nəzarət altında olduğu bir vaxtda Aleksey İsayevin müdafiə olunarkən ani yuxulaması bütün planları alt-üst etdi. Cərimə meydanımızda topu ram edən İsayev ləng hərəkət etdi və onu ayağından alan Elif Elması kobudluqla dayandırdı. Şimali Makedoniyanın penalti ustası Enis Bardhi isə topla qapıçını fərqli künclərə göndərdi.

Buna baxmayaraq, komandamız “sınmadı”, əksinə, daha dinamik oyun nümayiş etdirməyə başladı. Xüsusən də, sol cinahdan həmlələr rəqibi çətin duruma salırdı. Hücum cəhdlərimiz 38-ci dəqiqədə bəhrəsini verdi. Emin Mahmudovun ideal ötürməsi ilə canlanan hücumu Elvin Cəfərquliyev zəif, amma qarşısıalınmaz zərbə ilə tamamladı. Bərabərlik topu futbolçularımızı daha da həvəsləndirdi. Şimali Makedoniya isə oyunu əks-hücumlardan qurmalı olurdu. Rəqib belə anlarda təhlükəli gəlsə də, müdafiə xəttimiz vaxtında onların qarşısını alırdı.

Komandamız üstünlüyünü fasilədən sonra da davam etdirdi. Hətta Cəfərquliyev dubla da yaxın oldu. Ancaq Elvin 52-ci dəqiqədə rəqibi meydanda azlıqda qoya bildi. Məhz ona qarşı kobudluqdan sonra Boban Nikolov ikinci sarı vərəqə ilə meydandan qovuldu. Bu, hər iki komandanı dəyişikliklərə vadar etdi. Şimali Makedoniya ilk iki əvəzləmədən sonra 4-4-1 sisteminə keçdi. De Byazi isə rəqibin azlıqda qalmasını nəzərə alaraq, hücumameyilli oyunçuların sayını artırmaq qərarına gəldi. Mahir Emrelinin mübarizəyə qoşulması da buna hesablandı. Millimiz artıq 4-1-2-3 sisteminə keçərək, irəlidə çox adamla oynamağa başladı. Sonradan meydana daxil olan Elvin Camalov dayaq yarımmüdafiəçisi mövqeyini tutdusa, Almeyda ilə Mahmudov onun önüna keçdi.

Meydan sahiblərinin bütünlüklə müdafiəyə çəkilməsi artıq qaçılmaz idi. Blaqoya Milevskinin kollektivi artıq rəqibini meydanın özünə aid hissəsində qarşılayırdı. Uzun müddət top çevirən futbolçularımız bunun mükafatını 65-ci dəqiqədə aldı. Kornerdən ötürülən topu gənc Musa Qurbanlı başla qola çevirdi.

Artıq qələbədən əmin olan de Byazi daha bir gənc futbolçu Ceyhun Nuriyevə də debüt etmək şansı verdi. Nuriyev hər iki qolun məhsuldar ötürməsini verən kapitan Emin Mahmudovu əvəzlədi. Bundan sonra oyun tamamilə millimizin diktəsində keçdi. Sadəcə, futbolçular xırda ötürmələrlə vaxtı “öldürürdülər”. Sanki komanda meydanda yorğunluğunu çıxarmağa çalışır, rəqibə təzyiq etmədən top çevirirdi. Ancaq 75-ci dəqiqədə meydanda oyunçuların sayının bərabərləşməsi planda yox idi. Höccət Haqverdinin top uğrunda mübarizədə gecikməsi və rəqibin ayağını tapdalaması ona baha başa gəldi. Albaniyalı baş hakim Enea Yorqyinin birbaşa qırmızı vərəqə göstərməsi isə hamını şoka saldı. Çünki belə hərəkətə qırmızı vərəqə göstərmək yalnız qərəzdən irəli gələ bilərdi. Halbuki, Boban Nikolov ikinci sarı vərəqəni məhz eyni formada kobudluğa görə almışdı. Görünür referi ev sahiblərinin uzun müddət azlıqda çıxış etməsini istəmədi.

Bu qırmızıdan da dərhal sonra baş məşqçilər əvəzləmələrlə müdaxilə etdilər. Müdafiənin sağındakı boşluğu doldurmaq üçün Qismət Alıyev oyuna qoşuldu. Say bərabərliyi bərpa olunduqdan sonra hesabın bərabərləşməməsi rəqibin şanssızlığı oldu. Çünki makedonlar daha kəsərli hücum qururdular ki, iki epizodda uzaq məsafədən zərbədən sonra qapı tiri yığmamızın imdadına yetişdi. Son dəqiqələrdə isə vurmayana vurarlar prinsipi işə düşdü. Ramil Şeydayev özü başlatdığı hücumu Azər Salahlının sinah asmasından sonra dəqiq baş zərbəsi ilə qola çevirdi. Maraqlıdır ki, ilk iki qolda olduğu kimi, bu dəfə də “Neftçi”nin oyunçusu məhsuldar ötürmə verdi, “Qarabağ”ın üzvü isə fərqləndi.

Qalan dəqiqələrdə də rəqibə aman verməyən Azərbaycan millisi səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə ardıcıl 5-ci qələbəsini qazandı və 2022-ci ili major notlarla tamamladı. İndi qalır martda start götürəcək AVRO-2024-də bunun davamını gətirmək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest