"Qarabağ"ın və milli komandamızın futbolçusu Riçard Almeyda "Səbail"lə oyundan sonra matç.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Çətin qələbə qazandınız…

- Razıyam ki, çətin oyun oldu. Ümumiyyətlə, bilirik ki, çempionatda asan oyun yoxdu. Birinci hissədə əsas komandanın əzmkarlığını qeyd edərdim. Əvvəlki formamızı bərpa etməyə başlayırıq. Bir məqsədimiz var: bütün oyunlarda qələbə qazanmaq. İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. İkinci hissədə daha çox qol imkanımız oldu. Amma yenə deyirəm ki, xarakteri qeyd etməliyik. Büdrəyə bilmərik və qələbə üçün sevincliyik.

- Artıq qarşıda 7 tur qalıb. Ümidiniz varmı ki, mövsümün sonunda “Neftçi”ni keçə biləcəksiniz?

- Əlbəttə, futboldur. Hər şey ola bilər. Həm “Neftçi”, həm də “Qarabağ” yaxşı komandadır. Bu gün onlar bizdən irəlidədirlər. Bu da normaldı.

- Bu mövsüm “Qarabağ” “Səbail”, “Zirə” kimi komandalarla oyunlarda çox əziyyət çəkir. Bu, nə ilə əlaqədardı?

- Həmin komandalar çox artırıblar, heyətlərinə yaxşı futbolçular qatıblar. Ona görə də oyunlar çətin keçir. Nəzərə alaq ki, biz ardıcıl 5 il çempion olmuşuq. Bu səbəbdən bütün komandalar bizi məğlub etmək istəyirlər.

- Mahir Mədətovun bu qədər qol fürsətini boşa verməsi haqqında siz nə düşünürsüz?

- Hər bir futbolçunun çətin dövrləri olur. Ona dəstək vermək lazımdı. Amma Mahir öz üzərində işləyən futbolçudur. Həmişə məşqdən sonra qalıb, çalışır. Dəstək çox önəmlidir. Məsələn, Koutinyonu götürək, neçə oyun idi qol vurmurdu. Azarkeşlər ona dəstək oldu. Son oyunda qol da vurdu. Əsas odur ki, komanda yoldaşlarının inamını hiss etsin.

- “Səbail” dünyaca tanınmış futbolçu Maykl Esyeni heyətinə qatır. Bu gün oyunu da tribunadan izlədi. Buna münasibətiniz maraqlı olardı...

- Esyen kimi futbolçuların Azərbaycana gəlməsi çempionat üçün yaxşı reklam olar, Premyer Liqanın səviyyəsini qaldırar. Onun oyunlarını çox izləmişəm. Dəyər verdiyim futbolçulardan biridir. Çempionlar Liqasının qalibi olub. Ümumiyyətlə, bu tip oyunçuların gəlməsi bizim üçün də xoşdur.

- Qarşıda milli komandanın oyunları var. Xorvatiya ilə səfər matçından nə gözləmək olar?

- Yeni baş məşqçinin başçılığı altında məşqə çıxacağıq. Oyun fəlsəfəsini biləcəyik. Əlbəttə ki, Xorvatiya çox güclü rəqibdir. Dünya çempionatının finalçısıdır. Amma gələcəyi görmək olmur. Biz də çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest