Tovuz klubu "Turan" Azərbaycan Premyer Liqasının XIV turunda "Qəbələ"yə böyükhesabla uduzub (0:4). Dünən baş tutan oyunu da nəzərə alaraq, qərb təmsilçisinin son 5 oyunluq statistikasına baxdıqda görə bilərik ki, qeyri-stabillik özünü göstərir. Onlar son 5 matçda mümkün 15 xaldan cəmi 4 xal yığıblar. Eyni zamanda rəqib qapılarına 13 qol vursalar da, öz qapılarında 11 qol görüblər.
 
Matc.az "Turan"ın son oyunlardakı çıxışı, komandanın qeyri-stabil oyunu ilə bağlı qapıçı Kamal Bayramovla olan müsahibəni təqdim edir:
 
- "Turan Tovuz"da işləriniz necə gedir? Komanda daxilində ab-hava necədir?
 
- Son oyunu çıxmaq şərtilə, digər 4 oyunda yaxşı nəticə qazanmamağımıza baxmayaraq, komandanın yaxşı futbol sərgilədiyini deyə bilərəm. Ümid edirəm ki, uğurlu nəticələr qazanacağıq. "Qəbələ" ilə oyunda potensialımızdan çox aşağı çıxış etdik. Özümüzü çətin duruma saldıq. Amma təslim olmayacağıq. Futbolda belə nəticələr olur. Bundan dərs çıxartmaq lazımdır. Vəziyyəti xeyrimizə düzəltmək üçün yaxşı potensialımız var.
 
- 4 tur sonra 2-ci dövrə də başa çatacaq. Komandada hələ də adaptasiya problemi yaşayan futbolçu var?
 
- Bəli. Görünür ki, hələ də adaptasiya problemi yaşayan futbolçularımız var. Uğurlu nəticə üçün çalışmağa davam edəcəyik.
 
- "Turan" son 5 oyundur qeyri-stabil çıxış edir. Komanda 5 oyuna cəmi 4 xal toplayıb. Bunun səbəbini baş məşqçi ilə əlaqələndirirsiniz, yoxsa oyunçularla?
 
- Azərbaycanda 5 baş məşqçinin adı çəkilirsə, onlardan biri bizim komandanı çalışdırır. Ayxan Abbasov bütün məsuliyyəti üzərinə götürür. Etiraf etmək lazımdır ki, ən böyük günahkar biz futbolçularıq.
 
- Komanda son 5 tur ərzində 13 qol vurub, 11 qol buraxıb. Sizcə, buraxılan qolların sayı müdafiə və qapı xətti ilə bağlı həyəcan siqnalı yaratmalı deyil?
 
- Həm qurduğumuz hücumları, həm də müdafiəni komanda şəklində icra etmək lazımdır. Sürətli hücumlar qurduğumuz kimi, müdafiədə də eyni tərzdə oynamalıyıq. Balansı tənzimləyə bilməmişik. Qeyd etdiyim məsələ ilə bağlı daha diqqətli olmağa çalışacağıq.
 
- "Qəbələ" ilə oyunda qeydə alınan böyükhesablı məğlubiyyət azarkeşləri hiddətləndirib. Onlar baş məşqçi Ayxan Abbasovu istefaya səsləyirlər. Bu barədə nə deyə bilərsiz?
 
- Məğlubiyyət üzücü və acıdır. Bu, hər kəsə pis təsir edir. Azarkeşlərdən üzr istəyirik. Səmimi olacağam: baş məşqçimiz komanda üçün çox işlər görür. Komandanın kapitanı olaraq bütün azarkeşləri səbirli olmağa çağırıram. Ayxan Abbasov keçən il büdcəsi, geyimi, maliyyə durumu normal olmayan komandanı çalışdırmağa razılıq verdi. Çox çətinliklə komanda yığdı. Futbolçularımızın bəziləri başqa klublardan təkliflər alsalar da, baş məşqçinin çağırışına səs verdilər. O, çətinliklərə baxmayaraq, çempionat oyunlarına mübariz komanda çıxartdı. Bir dəfə də olsun şikayətlənmədi. "Turan"ın gələcəyi üçün gecə-gündüz əziyyətə qatlandı. Bəli, bu gün işlər sabit getməyə bilər. Öncədən o da digər işlər sabit getməyəndə şikayətlənmirdi axı. Əksinə, səbirli oldu. Bu gün Abbasovun azarkeşlərin dəstəyinə ehtiyacı var. Bununla da o, futbolçuları ruhlandıra bilər. Yaxşı günlərdə olduğu kimi, çətin zamanda da "Turan" üçün əziyyət çəkən baş məşqçini tək qoymamalıyıq. Biz futbolçular ona güvənir və etimadları doğruldacağına inanırıq.
 
- Cari mövsüm "Turan"da forma şansı qazanmamısınız. Qış transfer pəncərəsində iş yerinizi dəyişə, Tovuz təmsilçisindən ayrıla bilərsiniz?
 
- Buraya gələndə doğma komandam üçün gəldiyimi bilirdim. Nə müqaviləyə baxdım, nə də maliyyə durumuna. Ayxan Abbasovla və Nadir Nəbiyevlə qısa müzakirəmiz oldu. Çünki səmimi insanlarla uzun müzakirələrə ehtiyac duymuram. "Turan" adı mənim üçün tamamilə başqadır. Bu gün ehtiyat oyunçular skamyasında əyləşirəm, bəli. Bununla bağlı nə gərginlik, nə də çətinlik hiss edirəm. Oynamamağımla bağlı çoxlu suallar verilir. Mənə ehtiyac duyulduğu zaman oynayacağam. Mövsümün sonuna qədər "Turan"dayam. Mövsüm bitdikdən sonra rəhbərlik və baş məşqçinin verdiyi qərara hörmətlə yanaşacağam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest