“İmişli”nin serbiyalı yarımmüdafiəçisi Nikola Karaklaiç Misli Premyer Liqasının I turunun “Turan Tovuz”la oyunundan sonra matc.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Oyun haqqında fikirlərin nədir?
- Bəli, ilk hissə çətin idi. Bunu gördük, amma düşünürəm ki, daha yaxşı oynaya bilərdik. İki yaxşı qol şansımız oldu, amma təəssüf ki, son anlarda, 95-ci dəqiqədə qol buraxdıq. Bəxtimiz gətirmədi. Fikrimcə, ikinci hissəni yaxşı oynadıq, daha inamlı idik və qol vurmaq üçün çalışdıq, daha çox hücumameylli oynadıq. Məncə, növbəti oyunda daha yaxşı olacağıq. Hər matçda, hər həftə daha da yaxşılaşacağıq. Bu, İmişli komandasının uzun illərdən sonra Premyer Liqada ilk oyunudu, ona görə də səbirli olmalıyıq. Düşünürəm ki, hər şey daha yaxşı olacaq.

- Azərbaycanda oynamaq haqqında fikirləriniz necədi? Məsələn, siz İmişlini təmsil edirsiniz, amma məşqləri  Bakıda edirsiniz və ev oyunlarını Şamaxıda keçirirsiniz. Bu vəziyyət barədə nə düşünürsünüz?
- Bilmirəm, bir az çətindir, çünki səyahət etməli oluruq. Açığı, mən də istərdim ki, İmişli şəhərində oynayaq. Məncə, bu, azarkeşlər və komandamızı dəstəkləyən insanlar üçün gözəl olardı. Amma, bəli, Bakıda da yaxşı şəraitimiz var. Olimpiya Stadionunun ətrafında məşqlərimiz olur, meydançalar çox yaxşıdır, məşq üçün hər şeyimiz var. Bakı da çox gözəl şəhərdir, özümüzü rahat hiss edirik. Bu, mənim Azərbaycandakı ilk oyunumdur. Bir neçə hazırlıq matçı keçirmişik. Hələ liqa və hər şey barədə çox məlumatım yoxdur. Bilirəm ki, burada güclü və sürətli futbol oynayırlar. Mənim hələ ilk oyunumdur, ona görə digər komandaları da görməliyəm.

- Süni örtüklü meydançada oynamaq barədə fikirləriniz necədir?
- Açığı, mən çox sevmirəm. Futbolçular təbii meydanda oynamalıdırlar. Süni örtük əzələlər üçün də yaxşı deyil, zədələr çox olur. Beş gün ərzində təbii meydanda məşq etmişdik, bu gün isə süni örtükdə oynadıq. Adama qəribə gəlir. Amma biz futbolçuyuq və hər şərtə uyğunlaşmalıyıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest