"Qarabağ" çox güclü və yaxşı strategiyaya malik komandadır".
Matc.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin sabiq üzvü Tuqay Kərimoğlu "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda İngiltərənin "Nyukasl" komandası ilə keçirəcəyi ilk oyun barədə danışarkən deyib.
Vaxtilə İngiltərənin "Blekbörn Rovers" komandasının formasını geyinmiş veteran yarımmüdafiəçi Ağdam təmsilçisinin oyunundan zövq aldığını bildirib: "Komanda çox yaxşı idarə olunur və futbolçular meydanda bir-birlərini yaxşı anlayırlar.
Əgər komanda səbirli, istəkli və intizamlı çıxış etsə, Bakıda müsbət nəticə qazana bilər. İntizam burada əsas amillərdən biridir. İngiltərə klubları isə hər zaman istəkli olur və sonadək mübarizə aparırlar. Onlar Premyer Liqa və UEFA Çempionlar Liqası turnirlərində fərqli performans nümayiş etdirirlər. İngiltərədə keçiriləcək oyun daha çətin olacaq. Çünki oradakı stadion atmosferi və meydan amili tamamilə fərqlidir".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.












