İngiltərə millisinin mərkəz müdafiəçisi Con Stounz Milanın "İnter" klubuna keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
Bildirilir ki, İtaliya nəhəngiı 2025/26 mövsümünün sonunda "şəhərlilər"dən ayrılan "Mançester Siti"nin sabiq müdafiəçisini transfer etmək variantını nəzərdən keçirir. "Neradzurri" artıq ingilis futbolçunun nümayəndələri ilə ilkin təmaslar qurub. Tərəflər razılığa gəlsə, Stounz yeni klubuna azad agent statusu ilə keçəcək.
Hazırda 32 yaşlı futbolçu İngiltərə millisinin heyətində dünya çempionatında çıxış edir. Komanda iyulun 19-da bürünc medallar uğrunda Fransa ilə qarşılaşacaq. Bu səbəbdən Stounzun gələcəyi ilə bağlı yekun qərarı dünya çempionatı başa çatdıqdan sonra verəcəyi gözlənilir.
Xatırladaq ki, ingilis mərkəz müdafiəçisi 2016-cı ilin yayından "Mançester Siti"də çıxış edirdi. O, bu müddət ərzində "şəhərlilər"in forması ilə 295 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçu komanda ilə birlikdə bütövlükdə 19 titul qazanıb.













