Argentina millisinin ulduz hücumçusu Xulian Alvares "Atletiko"nun məşqlərini boykot edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, klubun oyunçunu "Barselona"ya buraxmaq istəməməsi səbəbindən tərəflər arasındakı münaqişə yenidən alovlanıb.

Avqustun 10-da tətildən qayıdan hücumçu məşqlərə başlayıb. Həmin gün Alvares "Atletiko" rəhbərliyinə komandadan ayrılmaq istəyini bildirməyə hazırlaşıb. Lakin həm baş məşqçi Diyeqo Simeone, həm də baş direktor Anxel Xil Marin həmin gün iş yerində olmayıblar.

Alvares klubun onu qəsdən görməzlikdən gəldiyini düşünüb və bu durum hücumçunu çox qəzəbləndirib. O, komandanın məşqlərini boykot etmək variantını nəzərdən keçirir.

Xatırladaq ki, Alvares 2024-cü ilin yayından madridlilərin şərəfini qoruyur. O, bu müddət ərzində Madrid klubunun heyətində 103 matçda meydana çıxıb, 47 qol vurub və 17 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest