"Neftçi" növbəti transferini rəsmiləşdirib. Macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribek paytaxt təmsilçisinin yeni üzvüdür.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ağ-qaralar 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlayıb.

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin sonuncu klubu ZTE olub. O, 2026/2027 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də "10 nömrə" mövqeyində oynayır. Hər iki ayağı işlək olduğu üçün istər sağ, istərsə də sol vinger mövqelərini bağlaya bilir.

Qeyd edək ki, 2023/2024 mövsümündə "Pakş" klubu ilə ölkə kubokunu qazanmış Şkribek 2021-2022-ci illərdə isə Macarıstan U-21 yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest