"Mançester Yunayted" "Brayton"un futbolçusu Karlos Balebanın transferi üzərində aktiv şəkildə çalışır.
Matc.az xəbər verir ki, bu barədə idman nəşri məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar" "qağayılar"la razılıq əldə etməyə yaxınlaşıblar. Mançester təmsilçisi rəqibinə 60 milyon funt-sterlinq zəmanətli məbləğ və əlavə olaraq 5 milyon funt-sterlinq bonus təklif edib.
"Mançester Yunayted" rəhbərliyi 22 yaşlı kamerunlu dayaq yarımmüdafiəçisinin statistik göstəricilərini müsbət qiymətləndirir. Klubda hesab edirlər ki, oyunçu zonaların bağlanması, topu qoparmaq və ötürmə keyfiyyəti kimi parametrlərə görə komandanın ehtiyaclarına tam cavab verir.
Balebanın solaxay futbolçu olduğunu nəzərə alsaq, o, gücləndirilməsinə ehtiyac duyulan sol cinah müdafiəsi mövqeyində də komandaya kömək edə bilər.
Vurğulanır ki, bu təklif hələlik "Brayton"un futbolçu üçün istədiyi məbləğdən aşağıdır. Buna baxmayaraq, danışıqlar müsbət məcrada davam edir və irəliləmiş mərhələdədir.
Qeyd edək ki, Karlos 2023-cü ilin yayından bəri "qağayılar"ın heyətində çıxış edir. O, İngiltərə klubunda 112 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.













