"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone Argentina millisinin hücumçusu Xulian Alvaresin bu yay klubu tərk etməyəcəyini təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis transfer iddialarına son qoyaraq "Əgər klubun sahibi bu barədə olduqca aydın və birbaşa danışıbsa, bura əlavə ediləcək başqa bir şey yoxdur. Bu, məhkəmədəki kimidir: şübhələrə artıq yer yoxdur", - deyə bildirib.
Daha əvvəl "Atletiko"nun prezidenti Enrike Sereso cari "transfer pəncərəsi"ndə Alvaresi satmayacağını bəyan etmişdi. Hücumçunun özünün "Barselona"ya keçmək istədiyi, həmçinin Londonun "Arsenal" klubunun da onun xidmətində maraqlı olduğu bildirilirdi.
Xatırladaq ki, Xulian 2024-cü ilin yayından madridlilərin heyətində çıxış edir. O, Madrid klubunda keçirdiyi vaxt ərzində ümumilikdə 103 matçda meydana çıxıb, 47 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.













