"Tvente" Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" ilə qarşılaşma qabağı ciddi itkilərlə üzləşib.

"Tvente" Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" ilə qarşılaşma qabağı ciddi itkilərlə üzləşib. Niderland təmsilçisinin baş məşqçisi Con van den Brom Bakıdakı oyunda 4 aparıcı futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə Niderlandın "Twenteinsite.nl" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Sam Lammers, Stav Lemkin, Kristian Hlünson və Mes Hilqers Bakıya gələn heyətdə yer almayıb.

Lammers bazar ertəsi məşqdə diz ardı vətərindən zədə alıb. Lemkin uzun müddətdir zədəli olduğu üçün sıradan çıxıb. Hlünson isə "Qarabağ" ilə ilk oyunda baldırından zədə alaraq heyətdən kənarda qalıb. Digər müdafiəçi Hilqers isə diz zədəsindən sonra bərpa prosesi keçsə də, hələ tam hazır deyil.

Baş məşqçi Lammersin yoxluğunun transfer şayiələri ilə bağlı olmadığını, sırf zədə səbəbindən komandaya kömək edə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" – "Tvente" matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest