Norveç Futbol Assosiasiyası beynəlxalq futbolda siyasi neytrallıqla bağlı FİFA-dan şikayət edib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, üç hissədən ibarət olan müraciətdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa FİFA Sülh Mükafatının verilməsinin məqsədəuyğunluğu, ABŞ millisinin hücumçusu Folarin Balonqunun diskvalifikasiyasının ləğv edilməsi və Canni İnfantinonun özəl sahibkarların dünya çempionatlarının səhmlərini idarə edə biləcəyi şirkət yaratmaqla bağlı uğursuz planı sual altına qoyulur. Bundan əlavə, NFF ali futbol qurumunun hazırkı rəhbəri Canni İnfantinonun və digər FİFA rəsmilərinin öz səlahiyyətlərindən sui-istifadə edib-etmədiklərini araşdırmaq üçün sorğu göndərib.
Norveç Futbol Assosiasiyası həmçinin FİFA-nın İdarəetmə, Audit və Uyğunluq Komitəsinə müraciət edərək, yuxarıda qeyd olunan üç problemlə bağlı tələblərə əməl olunub-olunmadığını və bu proseslərə nələrin səbəb olduğunu soruşub. NFF-nin fikrincə, Trampa sülh mükafatının verilməsi və Infantinonun ABŞ prezidentini açıq şəkildə dəstəkləməsi FİFA-nın riayət etməli olduğu siyasi neytrallığı pozur.
Eyni zamanda, Norveç futbol qurumu FFE şirkətinin yaradılması planında kimlərin iştirak etdiyini və bu vəziyyətə kimin nəzarət etməli olduğunu müəyyənləşdirmək istəyir. Bundan başqa, NFF dünya çempionatlarının səhmlərinin bir hissəsinin satılması təşəbbüslərinə görə Infantinonun hərəkətlərini tənqid edən əməliyyat direktoru Kevin Lamurun işdən çıxarılmasının səbəbləri barədə izahat tələb edir.
"NFF FİFA-dan bu faktları araşdırmağı, xüsusən də cənab Infantinonun FFE-də hər hansı bir rolu, mükafatlandırılması və ya digər maliyyə maraqlarının müzakirə olunub-olunmadığını müəyyənləşdirməyi xahiş edir. Biz FİFA-dan hər hansı konkret nəticə çıxarmağı tələb etmirik. Biz FİFA-nın səlahiyyətli orqanlarından faktları araşdırmağı və dünya futbolu üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə onun idarəetmə, nəzarət və balans sisteminin lazımi səviyyədə fəaliyyət göstərib-göstərmədiyini müəyyən etməyi xahiş edirik" – deyə Norveç futbolunun rəhbəri Liza Klevaness bildirib.
Xatırladaq ki, dünya çempionatının 1/8 finalında Belçika ilə oyundan əvvəl FİFA-nın İntizam Komitəsi Canni Infantinonun ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra Folarin Balonqunun diskvalifikasiyasını dayandırıb və bu, hücumçunun oyunda iştirakına şərait yaradıb. Tramp bu qərara görə FİFA-ya açıq şəkildə təşəkkür edib.
Sonradan FİFA prezidenti Trampla bu dialoqun olduğunu təsdiqləsə də, Amerika liderinin Balonqunla bağlı intizam araşdırmasına hər hansı müdaxiləsini təkzib edib.
Yaxın günlərdə məlum olub ki, UEFA və KONKAKAF-ın tənqidindən sonra dünya çempionatının hüquqlarının bir hissəsinin özəl investorlara satılması planından imtina etmək məcburiyyətində qalan Infantino, son qalmaqallara baxmayaraq, FİFA rəhbərliyinə keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürəcək.
FİFA prezidenti postuna növbəti seçkilər 18 mart 2027-ci ildə Mərakeşdə keçiriləcək. "FairSquare" hüquq-müdafiə təşkilatı daha əvvəl İnfantinonun bu seçkilərdə iştirakının qeyri-qanuni olduğunu, çünki bunun onun dördüncü müddəti olacağını və FİFA nizamnaməsini pozduğunu bəyan etmişdi.













