"Qarabağ"ın transfer gündəmində olan Markos Diaz ölkəmizə köçməyə yaxındı. Matc.az saytının Argentina mətbuatına istinadən məlumatına görə, "Boka Xuniors" qapıçı ilə yollarını ayırmağa hazırdı.

Buenos Ayres təmsilçisi Azərbaycan çempionunun təklifini ilk olaraq geri çevirsə də, artıq fikrini dəyişib. Buna səbəb Diazın Argentina Kubokunun 1/16 final mərhələsində "Almaqro" ilə oyunu aşağı səviyyədə keçirməsi olub. 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada "Almaqro" penaltilər seriyası ilə rəqibini üstələyib.

Həmin görüşdən sonra "Boka Xuniors" rəhbərliyi 33 yaşlı qolkiperin satılmasına qarşı deyil. Xəbərdə "Qarabağ"ın hələ də Diazla maraqlandığı və Argentina klubunun danışığa hazır olduğu vurğulanıb. "Boka" hətta ona əvəzləyici axtarışına da başlayıb.

Qeyd edək ki, "Boka Xuniors"a bu ilin yanvarında "Hurakan"dan keçən Markos Diazın klubla müqavilə müddəti gələn ilin yayına qədərdi. Onun "Qarabağ"a keçidi baş tutsa, qolkiper karyerasında ilk dəfə legioner həyatı yaşayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest