AFFA İntizam Komitəsi bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə liqalardakı qayda pozuntularını müzakirəyə çıxarıb. Matc.az saytının məlumatına görə, yenə bəzi komandalara texniki məğlubiyyət verilib.
U-13 Liqasının "Sarvan" (Samux) – "TİM" (Uğur) görüşündə ikincilərin heyətində yetərsay olmayıb. U-13 Qızlar Liqasının "Mələklər" FK (Lənkəran) – "Aran" (Ağcabədi) qarşılaşmasında isə birincilər iştirak etməyib. Bu üzdən həmin komandalara 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Liqasının "Xəzər Lənkəran" – "Kəpəz" oyununda ev sahiblərinin azarkeşləri meydana daxil olduqlarından, "Xəzər Lənkəran"a 1 ev oyununu azarkeşsiz keçirməsi qadağası qoyulub.
U-15 Liqasının "Keşlə" – "İsgəndər Cavadov BFA" matçında hakimə qarşı təhqiredici ifadələr işlədən "Keşlə"nin baş məşqçisi Alim Qurbanova 4 oyunluq cəza kəsilib.
U-11 Liqasının "çinar UGFHK" – "UGİM" oyununda birincilərin baş məşqçisi Elçin Quziryani və məşqçisi Teymur Nəbiyev hakimə qarşı təhqiredici ifadələr işlədib. Hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.