"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq. Matc.az xəbər verir ki, UEFA-nın saytı qarşılaşmanın afişasını hazırlayıb:


Azərbaycan və Kipr çempionları bu mövsüm dördüncü dəfə üz-üzə gələcək. çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşan komandaların duelində APOEL pley-offa yüksəldi. "Qarabağ" Kiprdə 2:1 hesabı ilə qalib gəlsə də, evdə məğlub oldu – 0:2.

Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda keçirilmiş oyunda qalib müəyyənləşmədi – 2:2. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya"ya 0:3 hesabı ilə uduzdu. İkinci qarşılaşmasında isə Lüksemburqda "Düdelanj"a qalib gəldi – 4:1.

APOEL isə "Düdelanj"a 3:4, "Sevilya"ya isə 0:1 hesabı ilə uduzub. Komanda ilk xalını Bakıda qazandı. APOEL daha öncə də Azərbaycan təmsilçiləri ilə qarşılaşıb.

1995/96 mövsümündə "Neftçi" ilə qarşılaşan Nikosiya təmsilçisi iki oyunun nəticəsinə görə mərhələ adlayıb (0:0 / 3:0). 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində yenidən "Neftçi"yə rəqib olan APOEL bu dəfə məğlub tərəf olub (1:1 / 1:3). Bu mövsüm "Qarabağ"la çL-in III təsnifat mərhələsində qarşılaşan kiprlilər mərhələ adlamışdı (1:2 / 2:0).

 

Qrup mərhələsində Ağdam klubuna yenidən rəqib olan APOEL oktyabrın 24-ü "Qarabağ"la 2:2 hesablı heç-heçə etməklə Azərbaycanda yenə uduzmadı.

"Qarabağ" ardıcıl altıncı mövsümdür ki, Avropada qruplara qalıb. ötən mövsüm Ağdam klubu Avropa Liqasının qrupunda "Arsenal", "Sportinq" və "Vorskla" ilə oyunların beşində uduzmuşdu.

"Qarabağ" bu mövsüm çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində "Linfild"i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.

"Qarabağ" daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib. "Qarabağ" Avropa Liqasının qrup mərhələsində keçirdiyi 13 səfər matçının 4-də qalib gəlib, 1-də heç-heçə edib, 8-də uduzub. Ağdamlıların son iki qələbəsi son üç matçda qeydə alınıb.

28 dəfə Kipr çempionu olan APOEL son altı ildə yalnız bir dəfə qruplara qalmayıb. Nikosiyalılar ötən mövsüm pley-offda "Astana" səddinə ilişmişdi.

APOEL bu mövsüm mübarizəyə çempionlar Liqasının II təsnifat mərhələsində başladı. Kipr çempionu Monteneqronun "Sutyeska" klubunu mübarizədən kənarlaşdırdı. III mərhələdə "Qarabağ"dan üstün olan Nikosiya təmsilçisi pley-offda "Ayaks"a uduzdu.

APOEL Avropa Liqasının 2013/14 və 2015/16 mövsümlərində qrup mərhələsini keçə bilməyib. 2016/17 mövsümündə APOEL qrup lideri kimi 1/16 finala adlamışdı. Bu mərhələdə İspaniya "Atletik"ini keçən APOEL 1/8 finalda "Anderlext"lə bacarmamışdı.

APOEL Avropa Liqasında Nikosiyada keçirdiyi 10 oyunun 5-də qalib gəlib, 1-də heç-heçə edib, 4-də uduzub. "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev APOEL-in müdafiəçisi Giorgos Merkislə "Apollon"da komanda yoldaşı olub.

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev 2016/17 mövsümünü icarə əsasında Kiprin "Anortosis" klubunda keçirib və bu komandaya qarşı oynayıb. Araz 2012/13 mövsümündə "Neftçi"nin heyətində Avropa Liqasının pley-off mərhələsində APOEL-ə qarşı mübarizə aparmışdı.

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda 2017/18 mövsümündə Qazaxıstanın "Astana" klubunda Avropa Liqasının pley-off mərhələsində APOEL-ə qarşı oynayıb. Penaltilər seriyasında Riçard Almeyda qol vurmuşdu və "Astana" qrupa yüksəlmişdi.

"Qarabağ"ın və APOEL-in futbolçuları – Filip Ozobiçlə Antonio Yakoliş Xorvatiyanın gənclər yığmasında və 2013-cü ildə "Hayduk" klubunda birgə oynayıblar.

APOEL-in serbiyalı hücumçusu 2016/17 mövsümündə çL-in pley-off mərhələsində "Kopenhagen"in heyətində "Qarabağ"a qol vurub. Danimarka klubunu məğlub edən "Qarabağ" tarixində ilk dəfə çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı.

Baş məşqçilər

Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan "Qarabağ" klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri çempionlar Liqası qrupu olub. O, çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidir. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı.

APOEL-in baş məşqçisi Tomas Doll Şərqi Almaniya və Almaniya yığmasında ümumilikdə 47 oyuna 8 qol vurub. Keçmiş yarımmüdafiəçi məşqçilik karyerasına keçmiş klubu "Hamburq"da başlayıb. 2007/08 mövsümündə Dortmund "Borussiya"sında uğurlu olmayıb. 2013-2018-ci illərdə Macarıstanın "Ferentsvaroş" klubunu çalışdırıb. 53 yaşlı mütəxəssis bu ilin avqustundan APOEL-in baş məşqçisidir. sportinfo.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest