Riçard Qadze "Zirə"yə qayıtdıqdan sonra ilk qolunu vurub. Matc.az xəbər verir ki, o, bununla da klubun Premyer Liqadakı bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub.

Qanalı futbolçu bunu 11-ci qoluna imza atmaqla reallaşdırıb. Premyer Liqanın X turunun "Sumqayıt"la görüşündə (2:2) fərqlənən hücumçu bu qolla da hesabında 10 top olan Xulio Sezar Rodrigesi arxada qoyub. Riçard "qartallar"ın çempionatdakı bombardirləri arasında yalnız Nelson Bonilyadan geri qalır. Qanalını rekordçudan cəmi 3 top ayırır.

Qadze "Zirə"dəki son qolunu 2018-ci il mayın 12-də vurmuşdu. Həmin gün "Kəpəz"lə ev matçının (2:1) 42-ci dəqiqəsində fərqlənən aftikalı 540 gündən sonra "qartallar"la qol sevinci yaşayıb.

"Sumqayıt"la qarşılaşmada vurulan digər topun müəllifi Mfo Kqasvane də mövsümdə ilk dəfə fərqlənib. 3-cü dəqiqədə hesabı açan legioner bununla da yubiley qeyd edib. O, Premyer Liqada 5-ci dəfə rəqib qapısına yol tapıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Sadio Tounkara və Luis Alberto Diezə çatan botsvanalı bombardirlər siyahısında 8-13-cü yerlərə şərikdi. Lakin Mfo digərləri ilə müqayisədə daha az – cəmi 17 oyunda qol sayını 5-ə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest