Azərbaycan karateçiləri Macarıstanın Monor şəhərində təşkil olunan vodokay karate üzrə 47-ci Avropa Kubokunda mübarizə aparıblar. Matc.az xəbər verir ki, karateçilərimiz fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 1 bürünc medal, komanda çıxışında isə qızıl mükafata sahib olublar.
 
Beynəlxalq təşkilatın rəsmi nümayəndəsi, əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərlik etdiyi komanda heyətindən "Cudo klub 2012"-nin yetirmələri Musa Məmmədov (14-15 yaşlı yeniyetmələr, -63 kq) və Fərid Ağayev (16-17 yaşlı gənclər, -76 kq) yarışın qalibi olub. Rəsul Abbasov (14-15 yaşlı yeniyetmələr, -57 kq), Abbas Dadaşov (16-17 yaşlı gənclər, -68 kq) və Adil Quliyev (16-17 yaşlı gənclər, -76 kq) ikinci yeri, Kənan Babayev (16-17 yaşlı gənclər, -68 kq) isə üçüncü pilləni tutub. 
 
Baş məşqçi Namiq Pirverdiyevin dəstəyi ilə Fərid Ağayev, İlknur Elmuradov, Abbas Dadaşov və Kənan Babayevdən ibarət milli komanda isə komanda turnirinin qızıl medalını qazanıb. Karateçilər Macarıstanı 2:0, İtaliya və Şotlandiyanı 2:1, final görüşündə isə Almaniyanı 2:0 hesabı ilə məğlub ediblər. 
 
Hakimlərimizdən Vidadi Mahmudov nüfuzlu yarışın referilərindən olub. Avropa Kuboku uğrunda 15 ölkədən 600-dən artıq karateçi mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest