Danışılmış oyunlarla bağlı qalmaqal böyüyür. Matc.az xəbər verir ki, AFFA-nın 28 nəfəri futboldan "silməsi" ilə hər şey bitməyibmiş.
Əslində, qumar meydanına çevrilən I divizionda şəbəkənin "Turan Tovuz" və "Ağsu"nun oyunçularından ibarət olmadığı bəlli idi. Az qala bütün klublarda bukmekerlərin toruna düşənlərin olduğu bəllidi. Bunun isbatlanması lazımdı və proses davam edir.
Əldə etdiyimiz məlumata görə, son 2 gündə daha 40 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onlardan 8-i klub rəsmisi, məşqçilər, qalanı isə futbolçulardı. Oyunların nəticələrinin manipulyasiyasında şübhəli bilinən bu adamların son mövsümlərdəki bütün əməlləri ortaya çıxarılıb.
"Keşlə"nin fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb. Mehman "Binə"dəki fəaliyyəti zamanı bir sıra səhvlərə yol verib. Bunu "Binə" klubunun prezidenti Teymur Həsənlinin də saxlanılması faktı sübut edir. Onlar "Binə"nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümündəki əməllərinə görə cavab verəcəklər.
AFFA hələlik saxlanılanların siyahısını açıqlamayıb. Güman ki, İntizam Komitəsinin sabahkı iclasında qərarlar veriləcək və istintaqa cəlb olunanların siyahısını biz də biləcəyik. futbolinfo.az