"Birinci hissədə hər şeyə nəzarət etdik. Sadəcə, "Neftçi" ilə matçdakı kimi son dəqiqələrdə qol buraxdıq. "Zirə" yaxşı komandadır. Hücumda sürətli futbolçuları var. "Zirə"yə qarşı oynamaq asan deyildi. Fasilədən sonra hücuma atıldıq. Bu isə rəqibin sürətli futbolçuları üçün boşluqlar yaranmasına səbəb oldu".
 
Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 15-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
Xorvatiyalı mütəxəssis komandaya gəlişinən sonra çempionat oyunlarında qol vurmamaqlarının səbəbi haqda verilən sualı belə cavablandırıb: "Eyni sualı bir neçə gün əvvəl də vermişdilər. Bunu sadəcə hücum xəttindəki futbolçuların "dişsizliyi" ilə əlaqələndirə bilmərəm. Komanda olaraq problemimizdir. "Qəbələ"yə də qolları standart vəziyyətlərdən vurmuşduq. Qol vurmaq üçün əlavə nəsə etməlisən. Bu gün cəhd etdik, ancaq alınmadı".
 
O, yeni transfer Xulio Sezarla bu problemi həll edəcəyinə inandıqlarını söyləyib:
 
"ümid edirəm ki, o, bizə gələcəkdə çox kömək edəcək. Xulio bizimlə sadəcə bir məşqdə iştirak edib. Eyni zamanda Koçuk da 2-3 məşqdə olub. Bu, şahmat deyil ki, fiqurları düzəsən. Onların bizə uyğunlaşması üçün vaxt lazımdır".
 
Sopiçin sözlərinə görə, uğursuz zolaqdan çıxmaq üçün ilk növbədə qol vurmalıdırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest