"Zirə" klubunun baş məşqçisi Zaur Həşimovun matc.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra keçirdiyiniz 2 oyunun birində qələbə qazansanız da, digərində məğlub oldunuz. Bu qarşılaşmalardan 6 xalla ayrılmaq mümkün idi?
- Əlbəttə, ola bilərdi. Ancaq ikisini də uduza bilərdik. Yaxşı olardı ki, "Sumqayıt"a məğlub olmayaq. Ən azından heç-heçə etməyə çalışdıq. "Hamını udmalıyıq" deyə, bir şey yoxdur. Düzdür, bütün oyunlara yaxşı nəticə qazanmaq üçün çıxırıq. Amma bəzən olmur. Sumqayıtda bəzi qırılma nöqtələri oldu. Xüsusən, futbolçularımızın aldığı qırmızı vərəqələri deyə bilərəm. Bütün planlarımız alt-üst oldu. Ancaq motivasiya baxımından komandadan narazılığım yox idi. Məncə, İlkin Muradova verilən ikinci sarı vərəqə bir az şübhəli idi. Hakimlər barəsində danışmağı sevmirəm. İkinci "qırmızı"da hakimə heç nə deyə bilmərik. Tam haqlı idi. Amma Muradova verilən ikinci sarı vərəqini göstərməmək olardı. Hakimlər nəzərə almalıdır ki, komandanı "sındırmaq" olmaz. Belə oyunlar çempionatın bəzəyidir.

- Rəhbərlik aldığı "qırmızı"ya görə Ağabala Ramazanov cəzalandırılacaq?
- Biz dünən bərpa məşqi keçdik və daha sonra uşaqları istirahətə buraxmışıq. Hər zaman belə edirəm. İstəyirəm ki, oyunçular iki gün futboldan uzaq olsunlar. Komanda bir ayara gələndən sonra bununla bağlı qərar verəcəyik. Təbii, futbolçu rəqibi vurursa, bu, qaydalara ziddir. Ancaq klubdaxili məsələ olduğu üçün çox danışmaq istəmirəm. "Zirə" ən intizamlı klublardandır. Sadəcə, futbolda belə şeylər qaçılmazdır. Ağabala millinin üzvüdür. Komandaya cəlb etmişiksə, deməli, ona güvənirik. Bu barədə bu qədər.

- İstədiyiniz komandanı formalaşdıra bildiz?
- 2-3 oyundur meydana tam heyətlə çıxa bilmirik. Elvin Camalov sonuncu görüşdə cəzalı idi, Orxan Sadıqlı isə zədəlidir. Əsas heyəti gərək davamlı oynadasan ki, komanda formalaşsın. Fasilədə heyətə 5 yeni futbolçu cəlb etmişik. Hamısını da oynadırıq. Necə yanaşmağımızdan asılı olmayaraq, komandaya vaxt lazımdır. Diqqət etsəz, limitin bizə problem yaratdığını görərsiz. Bu sahədən çox əziyyət çəkirik. Ona görə hər şeyi istədiyimiz kimi edə bilmirik. Bəzi şeyləri etməyə məcbur qalırıq.

- Son vaxtlar limitin ləğvi məsələsi müzakirə olunur. Sizcə, limit ləğv olunmalıdır?
- Bu, gələcəyin mövzusudur. Hazırda onu deyə bilərəm ki, limitdən əziyyət çəkən tək bizik. Digər komandaların heyətindəki gənclər fərqlidir. Hətta bəziləri millidə çıxış edirlər. Bunlara rəğmən, məncə, limit lazımdır. Bəziləri limitin ləğv olunmasını və futbolçuların heyətə özlərinin düşməsinin vacib olduğunu deyir. Ancaq bizim oyunçular buna çətinlik çəkərlər.

- Transfer dönəmində komandaya David Volkov və Ağabala Ramazanov kimi oyunçular gəldi. Demək olarmı ki, komanda artıq avrokuboklar üçün mübarizə aparacaq gücdədir?
- Ağabala və Volkov yaxşı oyunçulardır. Ancaq bu, o demək deyil ki, həmin futbolçuları almışıq deyə bütün rəqibləri məğlub edəcəyik. Onlardan başqa da bizdə mövqelər üzrə çatışmayan oyunçular var idi. Məsələn, sona qədər "dördlü müdafiə" ilə oynaya bilməzdim. Yenə deyirəm, oyunçu almağımız hamını udacağımız anlamına gəlmir.   

- Rəhbərlik qarşınıza avrokubok hədəfi qoyub?
-"Zirə" artıq bir neçə ildir bu mübarizəyə qoşulub. çalışırlar ki, avrokuboklara vəsiqə qazansınlar. Təbii ki, mən də bunun fərqindəyəm və rəhbərlik mənə dəstək verir. Bizim transferləri çox şişirdirlər. Bu amildən narahatam. Hamının şişirdiyi qədər heyət qurmamışıq. Bir az gözləmək, səbrli olmaq lazımdır.

- Növbəti tur "Qarabağ"la qarşılaşacaqsınız...
- Hər oyuna nəticə üçün çıxırıq. Həftəiçi komandanı hazırlayırıq, analizlərimizi edirik və öz oyunumuzu oynamağa çalışırıq. Ancaq görüşdə nələr baş verəcək, bunu demək çətin olur. Məsələn, sonuncu qarşılaşmada iki "qırmızı" hər şeyi alt-üst etdi. Ancaq "Qarabağ" güclüdür deyə, əl-qolumuzu sallayıb gəzəsi deyilik. Heç kimdən çəkinmirik, qorxmuruq. Bəli, rəqib aşkar favoritdir. Ancaq biz görüşə maksimum nəticə əldə etmək üçün çıxacağıq.

Həsən

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest