"Avropaya getməməyi niyə istəməyim ki?! Mən bunun üçün meydanda canımı qoyuram. Qismət olsun, gedim. Bəzən azərbaycanlı futbolçuların xaricdə darıxdığı deyilir. Bu sözlər mənə aid deyil. Mən 6 ay "Slavia"da oynamışam. Darıxmırdım. Daha da hədəflərim yüksək oldu"
"Qəbələ"nin yarımmüdafiəçisi Rövlan Muradovun matc.az saytına müsahibəsi
- Komandanız qış fasiləsindən sonra ilk qələbəsini qazandı. Necə düşünürsüz, digər qarşılaşmalardan 3 xalla ayrılmaq üçün nə çatmadı?
- "Zirə" ilə oyuna çox istəkli çıxmışdıq. Qələbə arzusundayıq. Hesabda geri düşsək də, çox şükür, qalib gələ bildik. Bundan öncəki görüşlərdə qələbə üçün diqqətsizlik çatmırdı. İmkanlarımız olurdu, ancaq qol vura bilmirdik.
- Qışda bəzi futbolçular komandadan ayrıldı. Bundan sonra heyətin zəiflədiyini demək olarmı?
- Gedənlər bizim üçün önəmli idilər. Ancaq gələnlər də yaxşı futbolçulardır. Məncə, bizə futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. Onlar komandaya adaptasiya olmalıdırlar. İnanıram ki, bizə köməkləri dəyəcək.
- Digər rəqiblərlə müqayisədə özünüzü zəif görürsünüz?
- "Qəbələ" heç kimdən zəif deyil. Hamı necə oyun nümayiş etdirdiyimizi görür. çalışırıq ki, baxımlı və gözəl çıxış edək. çempionatda bu gün yüksək səviyyədə iki komanda var: "Qarabağ" və "Neftçi". çünki hər ikisi də oturuşmuş heyətə sahibdirlər. Biz də isə yeni transferlər var. Ona görə də oyunumuzu tapmaq üçün müəyyən vaxt lazımdır. Məncə, digər bütün komandalar eyni gücdədirlər. Hamısı rəqibimizdir və hamısına hörmətlə yanaşıram.
- "Qəbələ"nin hədəfi nədir?
- Bizim üçün kubok oyunları vacibdir. Ancaq həm çempionat, həm kuboka diqqət verməyə çalışırıq. Daha yüksək pillələr üçün mübarizə aparacağıq. "Qəbələ" sonuncu pilləyə layiq deyil.
- "Neftçi"yə 0:2 hesablı məğlubiyyətdən sonra azarkeşlər baş məşqçiniz Elmar Baxşıyevi istefaya çağırdılar. Buna münasibətiniz necədir?
- Bizdən öncə "Səbail" və "Sabah" komandaları da "qara zolaq"da idi. Necə çıxış edirdilər, inci nə cür oynayırlar. Düşünmürəm ki, "Neftçi" ilə görüşdə əlavə nəsə baş verdi. Sadəcə, biz də "qara zolaq"daydıq. Komandaya bu dəqiqə dəstək lazımdır. Hazırda ölkə kubokunda yarımfinaldayıq. Buna Elmar müəllimlə nail olmuşuq. Hələ qarşıda bir çox oyunumuz var. Təbii ki, bu, azarkeşlərin fikri idi. Ancaq "Zirə" ilə qarşılaşmada bizə çox yaxşı dəstək oldular. Buna görə də hər birinə minnətdarıq.
- Azərbaycanlı futbolçuların Avropaya gedə bilməməyi tənqid olunur. Xaricdə çıxış etmək fikriniz var?
- Təbii ki... Avropaya getməməyi niyə istəməyim ki?! Mən bunun üçün meydanda canımı qoyuram. Qismət olsun, gedim. Bəzən azərbaycanlı futbolçuların xaricdə darıxdığı deyilir. Bu sözlər mənə aid deyil. Mən 6 ay "Slavia"da oynamışam. Darıxmırdım. Daha da hədəflərim yüksək oldu. Ancaq sonra zədələrim imkan vermədi. Təbii ki, hər kəsin arzusu böyük klublarda çıxış etməkdir. Ancaq əsas odur ki, Avropaya gedim. Ən böyük arzum budur.