"Barselona"nın lideri Lionel Messi sabiq komanda yoldaşı Ronaldinyonun azadlığa çıxmasına çalışır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu saxta pasportdan istifadə etdiyi üçün Paraqvayda saxlanılan Ronaldinyo ilə qardaşının həbsdən çıxarılması üçün vəkillərlə görüşüb və bu işə təxminən 4 milyon avro xərcləyəcəyini bəyan edib.
Artıq Paraqvay prezidenti Mario Abdo Benitez də məsələyə münasibət bildirib. O, 5 gündü həbsdə olan qardaşların məhkəmə prosesinin daha sürətli aparılmasına və şəffaflığın qorunması üçün Miqrasiya və Şəxsiyyət Departamentinə göstəriş verib.
Ronaldinyo məhkəmədə ev dustağı olmalarını istəsə də, hakim onların sənədlərin düzgün olmamasını əsas göstərərək, bu təklifi rədd edib. Hazırda onların səhhətində heç bir problemin olmadığı bildirilir.
Ronaldiyonun eyni zamanda Braziliyada biznesinin olduğu və 57 obyektinin bloklandığı bildirilir. Buna onun mülk tikintisi zamanı ekologiyaya vurduğu zərərə görə prokurorluğun çıxardığı 2,3 milyon avroluq cəriməni ödəməməyi səbəb olub.