çempionlar Liqasının 1/8 final mərhləsində "Ateltiko" səfərdə "Liverpul"la qalib gələrək (3:2) növbəti mərhələyə yüksəlib.  Matc.az xəbər verir ki, görüşün ardından hər iki komandanın baş məşqçiləri və oyunçuları qarşılaşmanı dəyərləndiriblər:

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Hesabın 2:1 olması bizim üçün problem oldu. Ancaq yenə də vəziyyəti dəyişə bilərdik. İkinci qolu buraxdıqdan sonra futbolçular yoruldu. Matçın əsas vaxtından sonra oyun ağırlaşdı. Meydanda istədiyimiz kimi deyildik. Görüşün əvvəlindəki kimi davam edə bilmədik. Sanki oyunçular da nə cür oynayacaqlarını unutdular. ümumi götürsək, komandanın çıxışından razıyam. Belə rəqibə qarşı mübarizə aparmaq asan deyil. "Atletiko" kimi bir komandanın niyə bu cür oynadığını başa düşmürəm. Onlar əsl futbol da oynaya bilərlər. Ancaq müdafiədə oturub əks hücuma çıxmağa üstünlük verirlər. Bu nəticəni qəbul edirik. Ancaq məncə, bugünkü çıxışımıza görə deyildi. Nələr itirdiyimizin fərqindəyik. Oyunçularım bütün komanda ilə müdafiə olunan dünya səviyyəli bir rəqibə qarşı yaxşı mübarizə apardılar. Bəli, son iki ildə şans bizimlə idi. İki dəfə finala yüksəldik. Ancaq bu gün hər şey bizə qarşı oldu".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Liverpul" möhtəşəm oynadı. Azarkeşlər tərəfindən yaxşı dəstək var idi. Amma biz qalib gəlməyi bacardıq. Komandamız üçün çox xoşbəxtəm, inanılmaz bir rəqibi məğlub etdik. Yenə də Avropanın ən yaxşı səkkiz komandasının içərisindəyik. Futbolda rəqibin həyatını çətinləşdirmək lazımdır. Bunu edə bildik. İrəlidə  yüksək səviyyədə pressinq etdik. İkinci qoldan sonra təslim olmadıq və özümüz vuranda da ümidləndik. Dieqo Kostanın Markos Llorente ilə əvəzlənməsi müdafiə meyilli olunsa da, fərqli nəticə verdi. 4-5-1 sxeminə keçdik ki, əks hücumlar bizə fayda versin. Belə də oldu. Yan Oblak dünyanın ən yaxşı qapıçısıdır. Saviç, Feliks, Felipe hamısı möhtəşəm idilər. Ancaq Oblak fərqliydi. "Barselona"da Messi nədirsə, o da bizim üçün eyni dəyərdədir".

Cordan Henderson ("Liverpul"un yarımmüdafiəçisi): "Aydındır ki, bu nəticəyə çox üzüldük. Mənə elə gəlirki ki, pis çıxış etmədik. Durmadan hücum edirdik və bütün gücümüzü ortaya qoyduq. Buna rəğmən, nəticənin belə olması bizim üçün xəyal qırıqlığıdır. Xüsusən hansı hədəfləri əldən verdiyinizi düşünəndə. Bəli, oyundan məmnunuq olsaq da, buraxılmış qollara görə məyusuq. Son illərdə belə anları yaşadıq. Yaxşı bilirik ki, sona qədər oyunda qalmalısan. çünki konsentrasiyanı itirmək baha başa gəlir. Məncə, biz daha irəli getməyə layiq idik. Oblak bu gün möhtəşəm oynadı. Bu qədər yaxşı müdafiə olunan komandalara qarşı oynamaq çətindir, amma yenə də imkanlar yaratdıq. Sadəcə, alınmadı".

Markos Llorente ("Ateltiko"nun hücumçusu): "Nə qədər dözə biləcəyimizi göstərdik. Bu gün ölümünə müdafiə olunduq. Hamımız eyni cür oynadığımız zaman çox şey edə bilərik. Burada qalib gəlmək o qədər də asan deyil. Ancaq biz bunu bacardıq. Layiqli mübarizə apardıq. Bu, komandanın qələbəsidir. çox sevinirik. Buna edə biləcəyimizə inanmışdıq. Hər kəs bu oyunu gözləyirdi. "Liverpul"un öz meydanında nə cür çıxış etdiyini yaxşı bilirdik. Ona görə səhv etməyə yerimiz yox idi. Son dəqiqələrə qədər oyundan qopmadıq. Axırda da istədiyimiz oldu".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest