"Karantin dönəmi bizim üçün bekarçılıq deyil. Məşğuliyyətimiz var, məşqlərə davam edirik. Həmişə baş qatmağa nəsə tapırıq. Dünəndən onlayn məşqlərə başlamışıq. Bir ay idi ki, futbolçular fərdi şəkildə hazırlaşırdılar. Təbii ki, istədiyimiz keyfiyyəti ala bilmirik. Sadəcə, psixoloji baxımdan futbolçularda dəyişiklik olmasını istədik. çalışırıq ki, karantini boş keçirməyək".

Bu sözləri matc.az saytına "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. O, Premyer Liqanın mümkün ləğvi barəsində də fikirlərini bildirib: "Hazırda çempionatın ləğvi barədə nəsə demək çətindir. İndi mümkün belə bir qərarın ədalətli olub-olmamasını müzakirə edə bilmərik. Sağlamlıq hər şeydən önəmlidir. Nəsə təhlükə varsa, bütün dünyada liqaların ləğv edilmə ehtimalı yaranacaq. Ona görə də fikir bildirmək üçün hələ gözləməliyik. Ancaq vəziyyət pisləşərsə, Premyer Liqanın ləğv edilməsinə hörmətlə yanaşacağıq".

Gənc mütəxəssis koronavirusudan sonra klubdakı maliyyə durumundan da danışıb. O, futbolçuların maaşlarının azaldılmasının gündəmdə olmadığını qeyd edib: "Klubun maliyyə durumunda ciddi bir dəyişiklik yoxdur. Bilirsiniz ki, bizdə onsuzda bu barədə çətinlik var idi. Ancaq hələlik koronavirusun bizə maddi baxımından ciddi bir təsiri hiss edilmir. İlərləyən aylarda nəsə olacaqsa, xəbərimiz olar. Hazırda futbolçuların maaşlarının azaldılması yönündə  heç bir müzakirə aparılmır".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest