18 İyul 2020, 11:40
FUTBOL
"Qarabağ" yeni transferini rəsmiləşdirməyə hazırlaşır. Matc.az xəbər verir ki, Azərbaycan çempionu axtardığı yarımmüdafiəçini artıq tapıb.
ötən mövsümü Kipr APOEL-ində keçirən Uros Matiçlə danışıqlar başa çatıb. Son detallar dəqiqləşəndən sonra o, "Qarabağ"la 2+1 illik müqavilə bağlayacaq.
O, "Mançester Yunayted"in ulduzu Nemanya Matiçin kiçik qardaşıdır. Nemanyadan 1 yaş balaca olan Uros "Qarabağ"la 6 dəfə üz-üzə gəlib. Bunun ikisi 2017-ci ilə təsadüf edib.
Həmin vaxt "Kopenhagen"in şərəfini qoruyan 30 yaşlı serbiyalı çempionlar Liqasının təsnifat mərhələsində Azərbaycan çempionuna qarşı forma geyinib.
ötən mövsüm isə APOEL-in heyətində öncə çL-nın üçüncü təsnifat mərhələ oyunlarında, ardınca Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın önünə çıxıb, hətta Bakıdakı görüşdə qol da vurub.
Balkanlı futbolçu Azərbaycana kimi 6 ölkədə legioner həyatı yaşayıb. Slovakiyada ("Koşitse", 2009-2013) 4 il keçirən yarımmüdafiəçi daha sonra Portuqaliyaya yollanıb. 1 il "Benifaka B"də çıxış edib.
2014-2016-cı illəri Niderlandda keçirib. "Breda"nın uğurları üçün tər töküb. Növbəti il Avstriyaya üz tutub, "Şturm"da özünü göstərib. 2017-ci ildə Danimarkada peyda olub, "Kopenhagen"də cəmi 1 mövsüm keçirəndən sonra yenidən Avstriyaya dönüb. Bu dəfə Vyana "Austriya"sına. 2019-cu ilin yayında isə APOEL-lə müqavilə bağlayıb (sportinfo.az).