Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Serbiya yığması ötən gün Bakıya gəlib. Matc.az xəbər verir ki, komanda ilə yanaşı, Serbiyanın zəif inkişaf etmiş bələdiyyələrə məsul portfeli olmayan naziri Novitsa Tonçev də ölkəmizə səfər edib.
Bu barədə Tonçev sosial şəbəkə hesabında paylaşım edib. Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç və digər rəsmilərlə birgə fotosunu paylaşan nazir, milli komandalarını Bakıda dəstəkləmək üçün Azərbaycana səfər etdiyini açıqlayıb.
Tonçev həm də Serbiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
Adı müxtəlif rüşvət qalmaqallarında hallanan siyasətçi ölkəsində kifayət qədər ciddi tənqid hədəfinə çevrilib. Onun hazırda daha ciddi işlər varkən Bakıya səfər etməsi də Serbiya mətbuatı tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya oyununa saat 20:00-da start veriləcək.